Paşinyan: Azərbaycanla sülhün rəsmiləşməsi prosesi başlayıb

Hazırda oxunan: Paşinyan: Azərbaycanla sülhün rəsmiləşməsi prosesi başlayıb

608198

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycanla sülhün rəsmiləşməsi prosesi artıq başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, hakim “Vətəndaş Müqaviləsi” partiyasının seçki proqramını təqdim edərkən danışıb.
 

Paşinyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhün rəsmiləşməsi 2024-cü ildə Tavuş bölgəsində delimitasiya və dövlət sərhədinin müəyyənləşdirilməsi prosesi ilə başlayıb.


O qeyd edib ki, daha sonra bu proses Ermənistan və Azərbaycan arasında delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamənin imzalanması və ratifikasiyası ilə davam edib, 2025-ci ildə isə sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması, eləcə də Vaşinqton Bəyannaməsi ilə sülh və nəqliyyat infrastrukturunun açılması prinsiplərinin təsdiqi ilə növbəti mərhələyə keçib.

Paşinyan vurğulayıb ki, bu prosesin artıq hüquqi cəhətdən məcburi əsası formalaşıb.

O bildirib ki, sərhədlərin delimitasiyası üzrə dövlət komissiyalarının birgə fəaliyyəti haqqında sənəd hər iki ölkənin baş nazirlərinin müavinləri tərəfindən imzalanıb, daha sonra hər iki ölkədə ratifikasiya olunaraq hüquq sisteminin ayrılmaz hissəsinə çevrilib.

Baş nazirin sözlərinə görə, bu sənəddə Ermənistan və Azərbaycanın delimitasiya prosesinin əsas prinsipinin Almatı Bəyannaməsi olduğunu tanıdığı qeyd olunub. Bu isə o deməkdir ki, müstəqil Ermənistanın ərazisi Sovet Ermənistanının, müstəqil Azərbaycanın ərazisi isə Sovet Azərbaycanının sərhədlərinə uyğundur.
 

Paşinyan sülhün rəsmiləşməsi üçün atılmalı olan əsas addımları da sadalayıb. Onun sözlərinə görə, bunlar delimitasiya prosesinin davam etdirilməsi, TRIPP layihəsinin həyata keçirilməsi, regional nəqliyyat xətlərinin tam açılması, imzalanmış sülh sazişinin yekun şəkildə imzalanıb ratifikasiya olunması və sənəddə nəzərdə tutulan müddəaların icrasıdır.


O əlavə edib ki, bu addımlar yekun siyahı deyil. Paşinyan bildirib ki, vətəndaş cəmiyyəti və biznes nümayəndələri arasında təmaslar, ikitərəfli ticarət, siyasi, mədəni və humanitar dialoq da sülhün rəsmiləşməsi üçün vacib vasitələrdir.

Ermənistan baş nazirinin sözlərinə görə, bəzi proqramlar artıq praktik mərhələyə keçib, Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarət kiçik addımlarla formalaşır, vətəndaş cəmiyyəti nümayəndələri arasında təmaslar isə artıq konkret istiqamətdə inkişaf edir.

Paşinyan yaxın gələcəkdə işgüzar əlaqələrin də qurulacağına ümid etdiyini bildirib və bunun sülhün rəsmiləşməsi üçün ən vacib vasitələrdən biri olacağını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin