Vəhdət Partiyasının sədri Tahir Kərimlinin Moderator.az- a verdiyi müsahibəni oxucularımıza təqdim edirik:
-Tahir müəllim, xalq hərakatı başlayanda İsmayıllı Rayon Məhkəməsinin hakimi idiniz. Hakim hara, meydan hara?
-Mənim meydanda fəal olmağımın öz səbəbləri var idi. Neçə illər idi ürəyimizdə Cənubi Azərbaycan dərdi qübar etmişdi, bütöv Azərbaycan yaratmaq arzusu ilə yaşayırdıq. Digər səbəb SSR nin müstəmləkəsindən azad olub, mustəqil olmaq amalı idi. Üçüncü səbəb o vaxt Ermənistanın bizə qarşı aqressivləşərək həmvətənlərimizin ordan qovması idi. Vətəndaşlarımızı yerləşdirmək bizim vəzifələrimizdən biri idi. Mənim meydan hərəkatına qoşulmağımın baçlıca səbəblərindən biri Dağlıq Qarabağda erməni separatizmin baş qaldırması idi. Bu qədər hadisələrin yanında hakimlik mənim üçün o qədər də əhəmiyyətli deyildi. Mən də bir Azərbaycan vətəndaşı kimi xalqıma qoşuldum.
-Deyilənə görə İsmayıllı camaatı sizi çox sevirmiş”¦
-Təbii, Bakıda artıq on minlərin, yüz minlərin hərəkatı idi. Amma hakimi olduğum İsmayıllı rayon camaatı da mənim arxamda idi. Onlar mənə, mən də onlara dayaq olurdum. Həmin dövrlərdə Ermənistandan qaçqınlar gəlirdi, onları yerləşdirmək lazım idi. İsmayıllı camaatının köməkliyi ilə biz ordan minlərlə ermənini çıxartdıq. Bu erməniləri Ermənistana, oradan gələn soydaşlarımızı da İsmayıllıda olan erməni kəndlərində yerləşdirdik. Məhz buna görə Erməni Qisas Təşkilatı mənə ölüm hökmü çıxardı. Amma onlardan fərqli olaraq bir dənə də erməninin burdan gedən zaman burnu qanamadı. Şəkidən Bakıya kimi 80 min erməninin Azərbaycandan getməyində mənim rolum olub. İsmayıllıda 14 dənə erməni kəndi var idi. Hamsını ermənilərdən boşaltdıq.
-Bir neçə gündən sonra bir illik hakimiyyətinizin süqutunun ildönümdür. 4 iyun qiyamının Rusiya-İran ”“Türkiyə üçlüyünun dəstəyi ilə törədildiyini qəbul edirsinizmi?
-Böyük dövlətlərdə xarici siyasət daxili siyasətin davamıdır. Kiçik dövlətlərdə isə bunun əksidir. Yəni daxili siyasət xarici siyasətini davamı olur. Yəni bütün bu baş verənlər Azərbaycanın xarici siyasətinin nəticəsi idi ki, ölkəmizin daxili siyasətinə də sirayət etdi. Zəif dövlət qurluşumuz, maddi vəsait çatışmazlıgı, beynəlxalq münasibətlərin zəifliyi, nizam -intizamsızlıq bunlar hamısı da o zamankı hakimiyyətin süqut etməsinə səbəb oldu. Amma əsas böyük səbəb isə əlbəttə ki, böyük dövlətlərin Azərbaycana müdaxiləsi oldu.
-AXC ”“nin həmin dövrdə süqut etməməsi üçün nə çatmırdı?
-Əbülfəz Elçibəy prezident olmaq istəyəndə mən buna etirazımı bildirdim. Mən dedim ki, bəy, prezident olmağın məsləhət deyil, başqası olsun. Mən daha çox onun Ayətullah Xomeyni kimi, mənəvi rəhbər olaraq qalmasını istəyirdim. Çünki onun səlahiyyəti var idi ki, istədiyi insanı prezident kürsüsündən salsın. Əbülfəz Elçibəy AXC nin sədri kimi vəzifəsi qalardı. Amma o bizi dinləmədi. Prezidentliyə namizədliyini irəli sürdü və president seçildi. Qarabağ əldən getdiyi halda o zaman çoxları prezident olmaq üstündə savaşırdılar. Mən çox dedim, Laçın, Şuşa da gedəcək, siz prezident olamyın. O zaman prezident davası vaxtı deyildi, vətəni qorumaq lazım idi. Biz istədik Bəy prezident olmasın, buna baxmayaraq o prezident oldu. Amma istəmirdik ki, prezidentlikdən getsin, getdi. O bizim istədiklərimizin hamsının əksini etdi. Özü də bizimlə məsləhətləşmədən Heydər Əliyevi xilaskar kimi hakimiyyətə gətirdi. Bütün bunlardan sonra o gərək bizi özü hakimiyyətə gətirdiyi iqtidara qarşı kökləməməliydi. Deyəydi ki, əl-ələ verin işləyin. Azərbaycanda antoqonizmi ikiyə Əbülfəz Elçibəy böldü. Yalançı iqtidar müxalifət davasınını toxumları o vaxtdan səpildi. Torpaqlarımız işğal olundu, əhali parçalandı. AXC ”“nin rəhbəri Heydər Əliyevi hakimiyyətə gətirir, amma aşağılara deyir ki, siz müxalifət olun. Elçibəy gedəndən sonra mən hakimiyyətdə tək qalmışdım. Sonra istefamı yazıb hakimiyyətdən getdim. Həmin dövrlər mənim ailəmə hərtərəfli təzyiqlər olurdu. Mən öz prinsiplərimlə yaşayan insanam. Əbülfəz bəy rəhmətə gedəndə mən hönkür-hönkür ağlamışam. Amma xalqımı, bizi bədbəxt günə qoyduğu üçün onun hüzür yerinə getməmişəm. Mən xalqım üçün bu qədər yandığım halda mənə şər, böhtan atırdılar. Güya rüşvət alıb əvəzində hakimiyyətdə vəzifə vermişəm. Yəni o dövrdə elə insanlar var idi ki, həqiqətən də namusla çalışırdılar. Bu sözlər hamıya aid deyildi. Kim rüşvətxorluqla məşğul idisə, ona aid idi.
-İllər sonra müxalifətdəki dostlarınızdan, üzləşdiyiniz biganəlikdən üz döndərib iqtidara tərəf çevirdiyiniz üzə də baxılmadı.İndi sanki iki oda arasında qalmısınız. Sizi daha çox hansı düşərgənin adamı hesab etmək olar, iqtidarın, yoxsa müxalifətin?
-2006-cı ilə qədər mən həm iqtidar, həm də müxalifətə çox ciddi müxalifətçilik etmişəm. Amma mən müxalifəti müdafiə etməyə məcbur olmuşam. Müxalifət xalqla oynadı, onları demək olar ki, ələ saldı. Əslində mən hec hara kecməmişəm, yerimdəyəm. Kimin yaxşısı varsa yaxşısını, pisi varsa pisini deyirəm. Korrrupsiyanı, sosial bəlaları, nəyi var pisləyirəm. İlham Əliyevin strategiyasın müdafiə edirəm, ona gorə ki, o atasının qoyduğu yola görə sabitliyi təmin edir. Əgər o olmasa bizdə demokratiya adına Suriya, Liviya quracaqlar. Bu gün heç kim, istəyir İsa Qəmbər, və ya hakimiyyətdə olan kimsə söz verə bilməz ki, mən prezident olduqdan sonra sabitliyi təmin edəcəm. Əqidə, ideologiya başqa, dövlət idarəçiliyi başqadır. Mən də əqidəmi dövlətim üçün qurban verməyə hazır oldum. İndiki prezidentin starategiyasın qəbul edirəm ki, hec olmasa xalqımız rahat yaşasın. Məmləkətimizdə hakimiyyəti ələ ala bilən və sabitliyi təmin edə biləcək müxalifət yoxdur.
-İqtidara yaxın olmaq sizə nə verdi ki?
-Mən iqtidardan heç nə istəməmişəm, eləcə də müxalifətdən. Mən sadəcə siyasi, vicdani borcumu yerinə yetirirəm. Iqtidar hətta mənə vəzifə də təklif etdi. Mən isə imtina etdim. Ona görə ki, müxalifət mənim haqqımda deyə bilməsin ki, vəzifə üçün iqtidarın tərəfinə keçdi. Mənim üçün ilk öncə dövlət, vətən mənafeyidir.
-Sizə daha çox iqtidarda, yoxsa müxalifətdə ehtiyac var?
-Mən professional hüquqşunasam, mən hələ o dövrdə məhkəmələrin müstəqiliyi üçün 4 qanun hazırladım. Bu qanunlar parlamentdən keçdi, amma hələ də təsdiqini tapmayıb. Məhkəmənin müstəqilliyi üçün çox işlər görə bilərdik. Çünki məhkəmənin müstəqiliyi olmadan heç bir demokratiyadan söz gedə bilməz. Əlbəttə ki, vəzifədə olarkən məhkəmə islahatları ilə dövlət üçün, xalq üçün çox şey etmək olardı.
-Bir zamanlar AXC funksionerləri bir-birinin ardınca fəalyyətini dondurduğunu elan edəndə onları məsxərəyə qoyurdular. Amma indi içi sizin partiya qarışıq bir çox partiyalar demək olar ki, dondurulmuş vəziyyətdədir...
-Doğru sözə heç nə demək olmur. Mən bayaq da qeyd etdim ki, Azərbaycanda müxalifətin əsası yalanla qoyuldu. Müxalifət xalqın inamını itirdi.
-Sizcə xalqın yenidən inamını qazanmaq üçün nə etmək lazımdır?
-Iqtidarın koməyi olmadan müxalifət xalqın inamını çətin qazanar. Iqtidar müxalifətlə dialoqa girməlidir. Proporsional seçki sisteminin tətbiq olunmasına şərait yaratmalıdır. Müxalifətin seçki komissiyalarında iştirakına şərait yaradılmalıdır. Bir sözlə, müxalifətdə canlanma əmələ gəlsin. Vəhdət Partiyası keçən dəfə parlament seçkilərində 46 namizədlə iştirak etdi, bir dənə belə yer tuta bilmədi.
-Heydər Əliyevlə təkbətək söhbətiniz olub...
-Bəli, mən o vaxt Qorbaçova ölüm hökmü çıxardığım üçün mənə təşəkkür etdi. O hətta məni Mili Qəhrəman adına da layiq gördüyünü dedi. Çətin vaxtlarda onu müdafiə etdiyimdən, onun 70 illiyinə nümayəndə heyəti göndərdiyimdən danışdı. Bayaq da qeyd etdim ki, mənimlə işləmək istədiyini dedi. Heydər Əliyev yaxşılığı unudan insan olmayıb. Düzdür, ona qarşı kəskin müxalifətçi olmuşam. Elə anlar olub ki, hətta onu təhqir belə etmişəm. Ancaq o məni tutdurmadı. O özü də bilirdi ki, mən vəzifə naminə mübarizə aparmırdım. Vətənim, xalqım üçün edirdim bunları.
-Vaxtilə Qorbaçova ölüm hökmü çıxardınız. Indi bu səlahiyyətdə olsaydınız Putinə də ölüm hökmü və ya ömürlük həbs cəzası verərdinizmi?
-Putin hələ ki, Ukrayna üçün təhlükəlidir. Azərbaycan üçün də təhlükə olsa, əlbəttə ki, belə hökm verərdim. Hüquqşunas faktlara əsaslanaraq hökm çıxarmalıdır. Əslində Putinin işğalçılıq siyasətini Azərbaycan üçün də təhlükə saymaq olar. Rusiya dünyanın hər yerindən erməniləri yığıb bizim qədim torpaqlarımızda Ermənistan dövləti yaradıb. Ancaq erməni separatizminin başlıca mənbəyi Amerika və Qərb olub. Bu siyasəti də onlar üçün güclü rəqib sayılan SSRİ”“ni dağıtmaq üçün yeridiblər. Qarabağ probleminin həllinə mane olan tək Rusiya deyil. Bu gün də Ermənistan Amerikadan, Fransadan tələb edir ki, bizə Qarabağı verin. Biz də 20 min insan itkisi vermişik, o boyda SSRİ-ni dağıtmışıq. SSRİ-nin dağılmasında əsas faktor Qarabağ problemi, erməni separatizmi oldu. Azərbaycanın dörd böyük düşməni olub. Amerika, Fransa və Rusiya ilə erməni diasporu. Hətta o zaman Rusiya istəmirdi ki, Ermənistan qalib gəlsin. Sadəcə olaraq Ayaz Mütəllibov hakimiyyəti devriləndən sonra Rusiya Azərbaycandakı dayağını itirdiyini anladı. Bu hadisələrdən sonra o Ermənistanın tərəfinə keçdi. Ayaz Mütəllibov düşünürdü ki, bizə Rusiyapərəst desələr də olar, əsas odur ki bizim bayrağımız Stepanakertdə dalğalansın.
Lalə Novruzlu



































































































