12 il əri tərəfindən “əsir” saxlanılıb- Fransız qadının həyatı gündəm oldu – VİDEO

Hazırda oxunan: 12 il əri tərəfindən “əsir” saxlanılıb- Fransız qadının həyatı gündəm oldu – VİDEO

622900

Fransalı qadın pakistanlı həyat yoldaşı ilə birlikdə onun doğma vətəninə köçdükdən sonra dəhşətli işgəncələrə məruz qalıb. 12 il ərzində əri tərəfindən qul kimi saxlanılan və hər gün işgəncə görən qadının dramı dünya mətbuatının gündəminə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" qəzeti yazıb.
 

Məlumata görə, 54 yaşlı Fransa vətəndaşı Silvi Yasmina (Sylvie Yasmina) həyat yoldaşı ilə Avstraliyada tanış olub. Həmin vaxt pakistanlı gənc bu ölkədə qeyri-qanuni miqrant kimi yaşayırmış. Onlar 2003-cü ildə rəsmi nikaha daxil olublar. 2014-cü ildə isə Silvi ərinin təklifi ilə 5 uşağını da götürərək Pakistanın ucqar Bara kəndinə köçməyə razılıq verib.


Qadının sözlərinə görə, onun və uşaqlarının "cəhənnəm həyatı" məhz bu köçdən sonra başlayıb.

Silvi Yasminanın Pakistan polisinə verdiyi rəsmi ifadədən dəhşətli məqamlar üzə çıxıb. Qadın və uşaqları heç bir rabitə vasitəsi olmadan, günəş işığı düşməyən bərbad və qaranlıq bir tikilidə həbs həyatı yaşayıblar. Ər demək olar ki, hər gün bütün ailə üzvlərini amansızcasına döyüb və onlara fiziki işgəncələr verib. Cütlüyün iki övladı Pakistana köçdükdən sonra təhsillərini yarımçıq qoymağa məcbur olub, üç uşaq isə ömürlərində heç vaxt məktəb üzü görməyib.

Bu zülmə son qoyan hadisə isə uşaqlardan birinin evdən gizlicə qaçmağı bacarması olub.

Çətinliklə polis bölməsinə gedən yeniyetmə ailəsinin başına gələnləri danışıb. Pakistan hüquq-mühafizə orqanları dərhal həmin ünvana reyd təşkil ediblər. Əməliyyat zamanı ana və uşaqları bədənlərində çoxsaylı xəsarət və döyülmə izləri ilə tapılaraq qul kimi saxlanıldıqları evdən xilas ediliblər.

Silvi Yasmina polisə müraciətində həyatının tamamilə məhv edildiyini və uşaqlarının heç bir qayğı görmədiyini qeyd edib. Hazırda fransalı qadın və övladları Pişəvər şəhərindəki qadın sığınacağına yerləşdiriliblər. Onların yaxın günlərdə Fransaya təxliyə ediləcəyi gözlənilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin