Dünyanın ən böyük 38-ci superyaxtası olan, 150 milyon dollar dəyərindəki 124 metrlik "Golden Odyssey" Muğlanın Bodrum rayonunda, Qaraada (Karaada) sahillərində lövbər salıb.
Bizim.Media İHA-ya istinadla xəbər verir ki, nəhəng ölçüləri ilə diqqət çəkən yaxta Bodrum sahillərində yerli sakinlərin və xarici turistlərin marağına səbəb olub.
Qeyd edək ki, Bermuda bayrağı altında üzən 124 metr uzunluğundakı "Golden Odyssey" 2015-ci ildə Almaniyanın Bremen şəhərindəki məşhur "Lürssen" tərsanəsində inşa edilib.
Polat gövdəyə və alüminium üst quruluşa sahib olan superyaxta dəniz üzərindəki lüks həyatın ən mükəmməl nümunələrindən biri hesab olunur.
Dünyanın ən böyük yaxtaları sıralamasında 38-ci yerdə qərarlaşan bu gəmidə nəhəng üzmə hovuzu, helikopter meydançası, "beach club" sahəsi, lift, idman zalı, sağlamlıq mərkəzi, gözəllik salonu, SPA və sauna kimi bir çox özəl sahələr mövcuddur.
İllik texniki saxlama və istismar xərcləri təxminən 15 milyon dollar olan lüks yaxta 16 xüsusi kabində 32-dən 36-yadək qonaq qəbul etmək imkanına malikdir və burada 60-dan çox heyət üzvü xidmət göstərir.
Məlumata görə, yaxta vaxtilə Səudiyyə Ərəbistanının müdafiə nazirinin keçmiş müavini, Şahzadə Xalid bin Sultan əl-Səuda məxsus olub. Lakin şahzadənin maliyyə çətinlikləri və kredit borcları səbəbindən yaxta Maltada hərraca çıxarılaraq məcburi şəkildə satılıb. Onun yeni sahibi isə mərkəzi Britaniya Virgin Adalarında yerləşən "East Thrive Peace Limited" şirkəti vasitəsilə adı açıqlanmayan çinli bir milyarder olub.
Bizim.Media




































































































