Qusar şəhərində yeni şahmat məktəbi istifadəyə verilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, açılış mərasimi Qusar şəhərində yerləşən N.Nərimanov adına istirahət və mədəniyyət parkında baş tutub.
“İSFA Sporting” Şahmat Məktəbi “İSFA” şirkətinin təşəbbüsü və dəstəyi ilə əsaslı şəkildə yenidən qurularaq fəaliyyətə başlayıb.
Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şahmatın “zəka oyunu” kimi gənclər arasında təşviqində yeni məktəbin mühüm rol oynayacağına əminliyini ifadə edib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycanda şahmatın inkişafındakı xidmətlərini xüsusi vurğulayıb və bu sahənin məhz onun uzaqgörən siyasəti nəticəsində geniş yayıldığını qeyd edib.
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov çıxışında ölkədə idmana, o cümlədən şahmata göstərilən dövlət qayğısından danışıb. O bildirib ki, Prezident İlham Əliyevin diqqət və dəstəyi nəticəsində Azərbaycan dünyada şahmat ölkəsi kimi tanınır.
Federasiyanın vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov isə Qusarın zəngin şahmat ənənələrindən bəhs edib.
“İSFA” şirkətinin direktoru Samir Xeyirbəyov Bizim.Media-ya açıqlamasında bildirib ki, Qusarda şahmat məktəbi 2025-ci ildə fəaliyyətini dayandırmışdı. İcra hakimiyyətinin təşəbbüsü ilə bina şirkətə verilib və yenidənqurma işləri aparılaraq məktəb bərpa edilib.
Sonda mərasim konsert proqramı ilə davam edib.
















Aytəkin Alxaslı, Vüqar Ağayev, Bizim.Media, Şimal bürosu




































































































