Sabiq şahzadə Endru qadınlarla belə tanış olurmuş...

Hazırda oxunan: Sabiq şahzadə Endru qadınlarla belə tanış olurmuş...

615504

Böyük Britaniyanın sabiq şahzadəsi Endrunun (Andrew) qadınlarla tanışlıq və flört zamanı olduqca nalayiq və təhqiramiz ifadələrdən, eləcə də qeyri-etik üsullardan istifadə etdiyi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə "İmtiyazlılar: York evinin yüksəlişi və tənəzzülü" (Entitled: The Rise and Fall of the House of York) kitabının müəllifi Endru Louni "Page Six" nəşrinə müsahibəsində sensasion faktlar açıqlayıb.

Yazıçı kral ailəsinin gözdən düşmüş üzvünün şokedici rəftarlarından danışıb:

"Onun qadınlara yaxınlaşmaq üçün istifadə etdiyi “rəsmi ifadəsi” belə olub: “Budunda kral əlini hiss etmək necə bir duyğudur?” Bu, sadəcə olaraq ağlasığmaz dərəcədə ifrat özbaşınalıq, toxunulmazlıq və üstünlük hissinin göstəricisidir".

E.Louninin sözlərinə görə, bu, sabiq York hersoqunun yeganə rüsvayçı hərəkəti olmayıb. Yazıçı qeyd edib ki, bir dəfə təyyarə göyərtəsində Endrunu stüardessa ilə tanış ediblər. Xanım görüşmək üçün əlini uzadanda, sabiq hersoq qəfildən arxasını çevirərək bədəni ilə qadına sıxılıb və qolf çubuğunun yellənmə hərəkətini imitasiya etməyə başlayıb.

Müəllif iddia edir ki, Endrunun qəbulolunmaz davranışı barədə bu qəbildən olan hekayələrin sayı "həddindən artıq çoxdur".

Sabiq şahzadə öz cəzasızlığına mütləq şəkildə əmin olub və qadınları utandırmaqdan, çaşqın vəziyyətə salmaqdan zövq alıb:

"Bu, bir növ seksual alçaltmadır. Məsələn, o, rəsmi ballarda qəfildən tanımadığı bir qadının donunun arxa zəncirbəndini (zamokunu) aça və onu hamının qarşısında çarəsiz və çaşqın vəziyyətdə qoya bilərdi".
 

Xatırladaq ki, Böyük Britaniya Kralı III Çarlz (Charles III), dünyasını dəyişmiş pedofil Ceffri Epşteynlə (Jeffrey Epstein) olan sıx əlaqələri fonunda yaranan ardıcıl qalmaqallara görə qardaşı Endrunu bütün kral titullarından birdəfəlik məhrum edib.


Bundan əlavə, Endru və onun keçmiş xanımı Sara Ferqyuson rəsmi iqamətgahları olan "Royal Lodge"dan çıxarılıblar. Hazırda o, rəsmi olaraq sadəcə Endru Mauntbetten-Vindzor adlanır.

Əvvəllər Mauntbetten-Vindzor, yetkinlik yaşına çatmayan Virciniya Cuffreni (Virginia Giuffre) zorlamaqda da ittiham olunurdu. Cuffre Epşteyn və onun köməkçisi Qileyn Maksvell tərəfindən qurulan seks-trafikin qurbanı olduğunu bildirmişdi. Endru ittihamları qəti şəkildə rədd etsə də, yekunda Cuffreyə məhkəmədən kənar qaydada çoxmilyonluq təzminat ödəyərək işi bağlamışdı. (Qeyd edək ki, Virciniya Cuffre 2025-ci ilin aprelində intihar edib).

Kral ailəsi üçün ən böyük zərbə isə cari ilin fevral ayında — Endrunun 66 illik yubileyi günündə onun həbs olunması olub.

Sabiq şahzadə vəzifə cinayəti törətməkdə şübhəli bilinərək saxlanılıb. İstintaqın versiyasına görə, o, Böyük Britaniyanın məxfi ticarət sənədlərini Ceffri Epşteynə ötürüb. Əgər sabiq şahzadənin təqsiri məhkəmədə sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin