Təki məməş olsun....

Hazırda oxunan: Təki məməş olsun....

79872
Bu ilin də may ayını böyük sevinc hissləri ilə yaşadıq, bayramlarımız bir birinə qarışdı. Sizi bilmirəm, şəxsən bu mənə ləzzət elədi. Ləzzət elədi demək azdır, sevindirdi, ruhlandırdı, qol-qanad verdi. Ona görə yox ki, bütün sahələrdə olduğu kimi, bayramlarımızın sayına görə də dünyada liderik, Ginnesin rekordlar kitabına düşməyə layiqik. Axı, sizə zarafat gəlməsin, ilin 365 gününün 90 gününü, 3 ayını bayram edirik, kef çəkirik. Ona görə ki, xəstələrimizin pulunu min hiylə ilə əllərindən alıb sonra da onları vaxtından əvvəl o dünyaya hörmətlə, izzətlə yola salan həkimlərimizin dediyinə görə, televiziyalarımızın gecə gündüz etdiyi kimi atdanıb düşmək, deyib gülmək, günü şən keçirmək insan ömrünü xeyli uzadır. Biz də naşükürlüyü kənara qoyub belə analoqu olmayan sevinc anlarını yaşadığımıza görə hökumətimizə, ölkə rəhbərliyinə, xüsusən də 100 illiyini gücənə-gücənə Baş nazir kreslosunda keçirməyə hazırlaşan Artur Tahiroviçə dönə-dönə borcluyuq, minnətdarıq. Düzdür, belə şənliklərimizi gözü götürməyənlər də var, xüsusilə, müxalifət yaxasını cırır ki, bəs deməzsən, qarnımız paravoz kimi aclıqdan fit çaldığı bir vaxtda bu bizim haramıza, nəyimizə yaraşır? Deyirlər ki, cırıq şalvarda, yamaqlı köynəkdə, şirin yemiş kimi ağzı aralanmış batinkada, min bir dərdin içində şənlik etmək üçün gərək dünyanın ən pota idiotu olasan, arsızı olasan, abırsızı olasan. Hətta, bu müxalifət utanıb qızarmadan dünyada qazandığımız imicimizə zərbə vuraraq onu da deyirlər ki, bəs, deməzsən, bu hakimiyyət öz xalqının düşmənidir ki, onu ac-yalavac saxlayır, yediyi pulları buraxıb işğal edilmiş torpaqları azad etmir, vur tut 8 milyard manatı, az qala dövlətin illik büdcəsinin yarısını Avropa oyunlarına xərcləyir, ermənipərəstlərin, lap elə ermənilərin ayağı altına səpələyir. Onların deməyindən belə çıxır ki, gərək rəhbərlərimiz müharibə aparan ölkə kimi, şalvarlarının kəmərlərini daha bərk bağlasın, xaricdəki hesablarını bağlayıb dişlə,dırnaqla ora ötürdükləri pulları bizə paylasın. Onlara o qədər də fikir verməyin, şəxsən mən və mənim dost-tanışlarım düşmənlərimizin acığına gecə-gündüz deyib gülməyin, atdanıb düşməyin, cürbəcür şoular göstərməyin tərəfdarıyıq. Atalar heç də əbəs yerə deməyiblər ki, aclıq olsun, kef olsun. Şou demişkən, 28 may bayramı münasibəti ilə təşkil edilmiş şou mənə həm də ona görə ləzzət elədi ki, Space tele-kanalında birbaşa şounun qızğın yerində müğənni Səidə Sultan atdanıb düşəndə bütün millətin gözü qarşısında yaxalığı aralandı və ...məməşi göründü. Sağ olsun müğənnimiz, özünü itirmədi bir azdan, hamımız doyunca baxandan sonra boşaltdığı yaxasını düzəltdi və bu səhnə hamımızın ürəyinə yağ kimi yayıldı. Mahnı qurtarandan sonra dediyi sözlər də millətə sevinc bəxş etdi, ləzzət verdi ki, “Səhər tezdən qəşəng bir şey elədik.”x9d Halal olsun vallah, doğrudan da qəşəng oldu. Yox, yox, təkcə “ qəşəng oldu ”x9d demək çox azdır, lap, əla oldu, super oldu, fantastika oldu. Deyirəm nə yaxşı ki, bəxtimiz gətirib, sənin kimi dilbilən, əhli hal, him-cim qanan müğənnilərimiz var, yoxsa biz batardıq ki. Özünü bürüyüb səhnəyə çıxan bəzi müğənnilər axı, hardan bilsin ki, hər şey cəhənnəm, biz məməşdən ötrü sinov gedirik.

Torpaq gedib, cəhənnəmə ki ; ar- namus əldən gedib, o da cəhənnəmə ki; millətin sərvətləri çapılıb talanır, insanlar it günündə yaşayır, ailələrin aylarla dilinə ət dəymir, min bir əzabla böyütdükləri balaları əsgərlikdə döyülərək öldürülən şəhid analarının fəryadı ölkəni başına götürüb, sayma-seçmə oğullarımız, qızlarımız zindanda inləyir, o da dünəndən cəhənnəmə, təki, məməş olsun. İndi mən baxıram, görürəm, bəzi ağzıgöyçəklər səni, televiziya rəhbərliyini qınayır ki, guya bu əxlaqsızlıqdır, milli dəyərlərimizə ziddir, nə bilim nədir. Sən, gəl, boş ver bu deyilənlərə, bildiyini heç kəsə vermə, bu geridə qalmışların acığına gələn dəfə lap lüt çıx televizora. Biz sənin kimilərdən ötrü lap ölürük, ürəyimiz gedir. İnanmırsan? Nahaq yerə inanmırsan, gəl,mənim sözlərimə inan. Birbaşa yayımda millət sənin məməşini gördü, amma, doymadı. Sonradan sosial şəbəkələrdə yenə baxdı,yenə baxdı, nə az, nə çox ,düz 56 min dəfə baxdı. Tüpür bütün deyilənlərə, cəsarətini yenə göstər, bu dəfə lap anadangəlmə, lüt, ətcəbala atıl çıx səhnəyə. Sənə söz verirəm, inandırıram, tam əmin edirəm ki, əgər, belə etsən, bu dəfə sənə sosial şəbəkələrdə 56 min yox,5 milyon adam baxacaq .
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin