Zeynəb Xanlarova 70-ci illərin Sovet epoxasında formalaşsa da, səsi və musiqisi ilə təkcə bir formasiyanın yüksək titullu sənətkarı olmadı. Onun yaradıcılığı hər iki Azərbaycanın mədəniyyət xəzinəsi hesab olunur. Tam əminliklə demək olar ki, Vətən onu təmsil edən şəxsiyyətlərin miqyası boydadır. Motsart Avstriyanı, Bethoven Almaniyanı necə böyüdübsə, Pavarotti və ya İqlesias da bir o qədər mənsub olduqları məmləkətin hüdudlarını irəliyə daşıyıblar. Onlar müxtəlif janrlarda yazsalar və ifa etsələr də, dünyanın mədəni irsini zənginləşdirmək üçün doğulublar. Əslində bu mənada onların milli mənsubluğu tam şərti xarakter daşıyır. Çünki böyük sənət milli çərçivlər tanımır. Ölməz Müslümün, yaxud, Rəşidin haqqında danışarkən də eyni sözləri söyləyə bilərik. Zeynəb Xanlarova uzun on illər ərzində nüfuzedici səsi,səhnə istedadı və xalqa yaxın ruhu ilə milyonların qəlbinə yol tapıb, insanların daxili aləmində özünə əbədi yer qura bilib. O, Azərbaycanı dünyaya təqdim edən mədəniyyət pasportlarımızdan biridir. Zeynəb xanım sadə adamların içərisindən çıxaraq zirvəyə yüksəlməsi ilə onu sevənlərə zəhmətlə ucalmağın mümkünlüyü hissini aşılayıb. Hər ilin son və ilk mahnısına köklənən millətin hər bir sıra nəfərinin ürəyində bir Zeynəb var. Onun sirri və sehri də bundadır. Adamlar necə sevdiklərini bilməzlər. İlahi hisslər izah olunmur. Orta məktəb illərində oxuduğum kiçik bir esse Zeynəb Xanlarovanı izah etməyə bir damla sayıla bilər: Yeniyetmə bir oğlan yayı çəkib oxu atır və onu gözdən itənə qədər izləyir.Sonra uca bir səslə musiqi ifadə edir. Bir neçə gün keçir və gənc oxun axtarışına çıxır. Bir ağacın köksünə sancılan oxu taparkən adam düşünür:bəs mənim səsismi hansı qəlb bax beləcə tutub saxlayacaq? Cavab hər kəsə bəllidir,məncə. Tanrı Zeynəb xanımı qorusun və səsini millətimizin mübarək günlərinə yazsın. Çünki O,səs Azərbaycan deməkdir!
Millət vəkili Zahid Oruc
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.