Ermənistana qazandırdığımız pullar...

Hazırda oxunan: Ermənistana qazandırdığımız pullar...

116798

Onilliklər bir-birini əvəz etsə də? Qarabağ probleminin həllinə nail olmaq, işğaldakı torpaqları azad etmək hələ ki, mümkün olmayıb. Tarixi torpaqlarımızın işğal altında qaldığı, müharibə şəraitinin davam etdiyi, təmas xəttində atəşkəs rejiminin gün ərzində dəfələrlə pozulduğu bir zamanda, Ermənistanın bütün müstəvilərdə zəiflədilməsi, düşmən dövlətin maddi-mənəvi itkilərə məruz qalması hər birimizin maraq dairəsində olması gərəkən məsələlərdir. Lakin təəssüflər olsun ki, bu gün ölkəmizdə baş verən bir sıra hadisə və proseslər Ermənistanın nəini itkilərə məruz qoyduğumuzu, əksinə düşmən dövləti maddi baxımdan ciddi miqdarda vəsait qazandırdığımızı, onun maliyyə xərclərinə böyük ölçüdə qənaət etdiyimizi sübut edir. Ermənistana necə, hansı yollarla pul qazandırdğımızı aydın dərk etmək üçün bəzi konkret faktlara nəzər salmaq kifayətdir.

Azərbaycanın dövlət təhlükəsizliyinin qorunmasına cavabdeh olan bir nömrəli qurumda ”“ MTN-də baş verən olaylar göstərdi ki, burada kök salan cinayətkar şəbəkə əslində uzun illər ərzində Ermənistan xüsusi xidmət orqanının etməsi gərəkən hər şeyi edib. Bura milyardlarla vəsaitin talanmasından tutmuş, adam oğurluğu, dövlət sirlərini satmaq, siyasi hakimiyyətdə təmsil olunan şəxslərin danışığını dinləmək, yüzlərlə Azərbaycan vətəndaşını fiziki-mənəvi işgəncələrə məruz qoymaq, ölkə daxilinbdə diversiya və təxribat xarakterli əməllər həyata keçirmək və s. daxildir. Başqa sözlə desək, Ermənistan xüsusi xidmət orqanının hədəfində olan, lakin həyata keçirə bilmədiyi hər şey sabiq MTN rəhbərliyi tərəfindən artıqlaması ilə həyata keçirilib. Bu isə o deməkdir ki, Ermənistan xüsusi xidmət orqanlarının bunları həyata keçirməsinə vəsait ayırmasına, risk almasına ehtiyac qalmayıb. Başqa sözlə desək, sabiq MTN rəhbərliyi özü belə fərqində olmadan düşmən dövlətin büdcəsinə əməlli-başlı xeyir verib.

Azərbaycanın Ermənistana qazandırdığı vəsaitin bir hissəsi isə təhsillə bağlıdır. Təhsilin bütün dünyada strateji sahə hesab edildiyi, özünün və gələcəyinin qeydinə qalan hər bir dövlətin bu məsələyə böyük önəm verdiyi birmənalıdır. Lakin uzun illərdir ki, Azərbaycanda təhsil adlı strateji sahə elə vəziyyətə salınıb ki, bu sahə millət vəkili Fazil Mustafanın təbirincə desək, sadəcə olaraq diplomlu savadsızların yetişdirilməsi ilə bağlıdır. Azərbaycan təhsilinə vurulan bu zərbə Qarabağ savaşında Azərbaycan ordusunun aldığı zərbələrdən qat-qat böyük və sarsıdıcıdır. Bu isə nəticə etibari ilə Ermənistanın maraqlarına cavab verir.

Hələ çar Rusiyası dönəmindən Azərbaycan xalqının ziyalılarının, sərkərdələrinin sıradan çıxarılmasına milyonlarla manat vəsait sərf edən, öz məqsədinə nail olmaq üçün ən ağlagəlməz üsullardan istifadə edən Ermənistanın hazırda bu istiqamətdə də məxsusi səy göstərməsinə ehtiyac yoxdur. Çünki ölkə təhsilinin bugünkü vəziyyəti xalqın gələcəyini kompleks şəkildə məhvə aparır.

İnsanların alıcılıq qabiliyyətinin ildən-ilə aşağı salınması, geni dəyişdirilmiş qidaların ölkə bazarına ayaq açması, ictimai şüura kütləvi çarəsizlik və ümidsizlik əhval-ruhiyyəsinin yeridilməsi, əxlaqi-mənəvi dəyərlərin sürətlə sıradan çıxması, rüşvət və korrupsiyanın adi həyat normasına çevrilməsi, ölkə səhiyyəsinin baytar xidmətinən fərqlənməməsi, məhkəmə sisteminin iflası, əksər ailələrin bankdan asılı hala salınması, namuslu və ləyaqətli insanların intihara məcbur edilməsi, əqidəli insanların qondarma ittihamlar həbs edilməsi və  s. üzərində azərbaycanlı adı, bətnində iblis ruhu gəzdirənlərin Ermənistana göstərdiyi “qardaş yardımıdır”x9d. Ümumiyyətlə, istənilən Azərbaycan vətəndaşına münasibətdə yol verilən ən xırda ədalətsizlik, istənilən vəzifəli şəxsin öz xidməti borcuna etdiyi ən xırda xəyanət, istənilən şəxsin ictimai və ümumxalq mənafeyinə vurduğu ən cüzu ziyan belə Ermənistanın əlinə oynamaq, Azərbaycanın məğlubiyyətində pay sahibi olması deməkdir.

Nə qədər acınacaqlı da olsa etiraf etməliyik ki, bu gün Ermənistanın Azərbaycanı zəiflətək, onun məhvini sürətlərndirmək üçün hansısa planlar qurmasına, təxribatlar həyata keçriməsinə ehtiyac yoxdur. Bütün bunlar erməni ordusu və diplomatiyasının səyi olmadan da baş verməkdədir. Bu isə Ermənistana öz canlı resursundan tutmuş maliyyə ehtiyatına qədər sahib olduğu hər şeyə tamı-tamına qənaət etməyə imkan verir.

Odur ki,  əslində bu gün Ermənistanda fəaliyyət göstərən bəzi dövlət qurumlarının və təşkilatların fəaliyyətinə heç bir ehtiac yoxdur və rəsmi İrəvan bu qurumları ləğv etməklə öz dövlət büdcəsinə bir qədər də qənaət edə bilər. Bura Ermənistanın xüsusi xidmət orqanı, Kəşfiyyat və Əks-Kəşfiyyat xidməti, Müdafiə Nazirliyi, Azərbaycan əleyhinə ixtisaslaşdırılmış informsiya orqanları, hərbi-elmi müəssisələr və s. daxildir. Hansı ki, bu qurumların qarşısında dayanan məqsədlərin hamısına onların iştirakı olmadan nail olunur.

Bir sözlə, görünən odur ki, bu gedişlə Azərbaycana özündən başqa düşmən lazım olmayacaq və Ermənistanın etməli olduğu tək şey qüvvə sərf etmədən əldə etdiyi uğurların nəticəsindən faydalanmaq, işğaldakı torpaqlarda mövcudluğunu möhkəmlənmək və  yeni qələbələrdən həzz almaq olacaq.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin