Keçmiş müdafiə naziri Rəhim Qazıyev dünən axşam saatlarında Moderator.az-la əlaqə saxlayaraq dissident Nadir Ağayevi ziyarət etdiyini bildirib və bir neçə kəlmə vacib bildiyi məqamları sayta danışıb:
"Mən Nadir müəllimin yanına getmişdim. Bununla bağlı bir neçə kəlmə fikir bildirmək istəyirəm. 77 yaşında, həyatının 18 ilini qeyri-insani şəraitdə sovet quruluşuna etiraz etdiyinə görə sovet zindanlarında keçirmiş Nadir Ağayevə qarşı törədilmiş bu alçaq hərəkəti gördüm və açığı, ürəyim ağrıdı. Onun başında və sifətindəki yaraları görərkən yadıma Həzrət Əlinin xəlifə olduğu dövrdə ona aid olduğu söylənilən bir hədis yadıma düşdü. Həzrət Əli buyururdu ki, əgər Ərəbistan səhrasında bir quzu bir qurdun təcavüzünə məruz qalırsa bundan da xəlifə sorumludur. Bu gün Nadir Ağayevə qarşı törədilən cinayət məncə İlham Əliyevə qarşı təxribatdır. Ona görə də hesab edirəm ki, bu hakimiyyətin ən sadiq və etibarlı çinovnikləri olan Ramil Usubov, Eldar Mahmudov və Zakir Qaralov bu cinayətin üstünün açılması üçün ciddi səylər qoymağa borcludurlar. Son günlər baş verənlərin xronoloji ardıcıllığına diqqətlə fikir verin. Leyla Yunusla bağlı məsələ dünyanın diqqətində olduğu bir vaxtda məhz İlham Əliyevi arzuolunmaz situasiyaya salmaq üçün onu həbsxanada döyürlər. Lap o cinayət törətmiş olsaydı belə bir yaşlı qadına əl qaldırmaq kişiliyə yaraşmaz və bu, millətimizin adət-ənənəsinə tüpürməkdir. Ardından 77 yaşlı dissidenti beşbarmaqla vurub pis günə salırlar. Bundan da ən dəhşətlisi hamımızın and yerimiz, müqəddəs ziyarətgahımız olan Şəhidlər Xiyabanında İlhamla Fərizənin qəbirləri təhqir olundu. Baxmayaraq ki, onu törədən namərdin həbs olunduğu deyildi, amma istənilən halda bu əməl də prezidentə qarşı çağırışıdır, prezidentin nüfuzunu aşağı salmaq üçün atılan təxribat xarakterli addımdır. İndi deyirlər ki, həmin adam psixi cəhətdən normal deyil. Atalar nahaq yerə deməyib ki, dəliyə yel ver, əlinə bel ver. Yəni onu kimsə qəsdən istiqamətləndirərək belə bir alçaq hərəkətə sövq edib. Yoxsa dəlinin hardan ağlına gələ bilərdi ki, gedib Fəxri Xiyabanda qəbirləri təhqir etsin. Bu addım millətə sataşmaq və onun heysiyyatına toxunmaq, ələlxüsus prezidentin nüfuzuna xələl gətirmək cəhdidir. Ona görə də mən yuxarıda adını çəkdiyim güc strukturları rəhbərlərinə səslənirəm ki, onlar gerçəkdən də prezidentin əsgəridilərsə bu cinayətin açılmasında maraqlı olmalıdırlar. Ən azından prezidentə olan sədaqətlərini sübut etməkdən ötrü 77 yaşlı Nadir Ağayevə qarşı törədilən bu alçaq cinayətin üstünü isti izlərlə açmağa borcludurlar.”






































































































