Kirayə üsulu mənzil satışında YENİLİK – Qiymətlər necə DƏYİŞƏCƏK?

Hazırda oxunan: Kirayə üsulu mənzil satışında YENİLİK – Qiymətlər necə DƏYİŞƏCƏK?

643080

Azərbaycanda satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılıb. İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, bu qərar müraciətlərin sayının artması, onların daha operativ və şəffaf şəkildə emal edilməsi, eləcə də elektron sistemin təkmilləşdirilməsi ilə bağlıdır. 2020–2026-cı illərdə bu mexanizm çərçivəsində Bakı, Sumqayıt və Abşeron rayonunda 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib. Müraciətlərin dayandırılması mənzil sahibi olmaq istəyən vətəndaşların diqqətini yenidən daşınmaz əmlak bazarına yönəldib.

Bəs bu qərar mənzil bazarında tələbə və qiymətlərə necə təsir edəcək?

Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Bizim.Media-ya bildirib ki, sisteminin funksionallığının artırılması və müraciətlərin daha rahat qəbulunu təmin edən mexanizmlərin təkmilləşdirilməsindən sonra prosesin bərpa olunacağı gözlənilir.

Onun fikrincə, qarşıdakı il ərzində mexanizmin yenidən fəaliyyətə başlaması mümkündür:

“Çünki bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan layihələr və satışa çıxarılması nəzərdə tutulan mənzillər var. Mexanizmin uzun müddət dayandırılması isə həm daşınmaz əmlak bazarı, həm də prosesdə iştirak edən tərəflər üçün məqbul variant deyil.
 

Ekspert hesab edir ki, müraciətlərin müvəqqəti dayandırılması daşınmaz əmlak bazarına qısa müddətdə ciddi təsir göstərməyəcək. Onun sözlərinə görə, satmaq öhdəliyi ilə kirayə mexanizmi və ənənəvi mənzil bazarı əsasən fərqli alıcı qruplarına xidmət edir.


“Daşınmaz əmlak bazarında il ərzində satılan mənzillərin ümumi sayı və bu proses nəticəsində bazara çıxarılan mənzil sayını müqayisə etsək, elə də ciddi təsir etməyəcək. Mexanizmdən yararlana bilməyən vətəndaşların birbaşa mənzil alqı-satqısı bazarına üz tutacağını düşünmək doğru olmaz. Çünki real bazarın öz iştirakçıları, kirayə vasitəsilə mənzil alan daşınmaz əmlak bazarının öz bazası var. Bu bazaların bir-birinə transfer etməsi çox cüzi sayda ola bilər. Yəni daşınmaz əmlak bazarı bundan təsirlənən deyil.

Amma bu proses uzun müddət davam etsə və alternativ sosial layihələr meydana çıxmasa, təbii ki, daşınmaz əmlak bazarında tələbin artması nəticədə qiymətə də müəyyən mənada təsir göstərə bilər. İndiyədək 10 mindən artıq kirayə müqaviləsinin rəsmiləşdirildiyini, 12 mindən çox vətəndaşa isə görüş vaxtı barədə bildiriş göndərildiyini nəzərə alsaq, mexanizmin əhəmiyyəti aydın görünür”.
 

Ekspertin qiymətləndirməsinə görə, sözügedən mənzillərin sayı son beş ildə daşınmaz əmlak bazarının ümumi həcminin təxminən 5–6 faizinə bərabərdir.


O qeyd edib ki, fasilə uzun müddət davam edərsə tələbin bir hissəsi ənənəvi mənzil alqı-satqısı və kirayə bazarına yönələ bilər:

“Bu isə qiymətlərə təsir göstərə bilər. Xüsusilə adi kirayə mənzillərə tələbin artması kirayə haqlarının təxminən 10–15 faiz yüksəlməsi ilə nəticələnə bilər. Bununla belə, belə bir artımın baş verməsi fasilənin müddətindən və bazardakı tələb-təklif nisbətindən asılı olacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin