Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev “Səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında”
Fərman imzalayıb.
Fərmanda əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
TƏBİB nə üçün yaradılmışdı?
Qeyd edək ki, TƏBİB Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2018-ci il tarixli 418 nömrəli Fərmanı ilə yaradılıb. Qurumun formalaşdırılması icbari tibbi sığortanın ölkə üzrə tətbiqi və dövlət səhiyyə müəssisələrinin idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı islahatların tərkib hissəsi idi.
MÖVZU İLƏ BAĞLI:
Səhiyyə sahəsində YENİ DÖNƏM – TƏBİB-in nazirliyin tabeliyinə verilməsi nəyi dəyişəcək?
Məlum olduğu kimi təxminən 10 il əvvəl ölkəmizdə icbari tibbi sığortanın tətbiqinə qərar verildi. İlkin olaraq, icbari tibbi sığorta sisteminin tətbiqi pilot layihə olaraq 2017–2019-cu illər ərzində Mingəçevir və Yevlax şəhərlərində, Ağdaş rayonunda həyata keçirildi. Pilot layihənin həyata keçirilməsi bu sahədə mümkün problemlərin aşkarlanmasına, səmərəli həll yollarının tapılmasına və təcrübənin əldə edilməsinə imkan verdi.
Xatırladaq ki, layihə müddətində əhalidən sığortahaqları toplanılmadı.
Pilot layihənin müvəffəqiyyətlə nəticələnməsi onun bütün ölkə üzrə tətbiqinin reallaşmasına zəmin yaratdı. Nəticədə Nazirlər Kabinetinin 10 aprel 2020-ci il tarixli 136 nömrəli Qərarına əsasən icbari tibbi sığortanın ölkə üzrə 3 mərhələdə tətbiq edilməsi təsdiqləndi. Mərhələli tətbiqin qərarı icbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq, islahatın əhatə dairəsinin böyüklüyünün və tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqinin nəzərə alınması ilə bağlı oldu.
I mərhələ 2020-ci il 1 yanvar tarixindən etibarən 23 şəhər və rayonu (Mingəçevir, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş).
II mərhələ 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayonu (Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul).
III mərhələ isə 2021-ci il 1 aprel tarixindən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu da daxil olmaqla icbari tibbi sığorta sisteminin tətbiqinin bütün ölkəni əhatə etməsi ilə yekunlaşıb.
TƏBİB-in infrastrukturu və maddi-texniki bazası
Əvvəllər dövlət tibb müəssisələrinin idarə olunması əsasən Səhiyyə Nazirliyinin səlahiyyətləri çərçivəsində həyata keçirilirdi. İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən sonra dövlət xəstəxanalarının bir qisminin idarə edilməsi və onların fəaliyyətinə nəzarət TƏBİB-ə verildi.
Bu addımın arxasında bir neçə mühüm səbəb dayanırdı.
İlk növbədə hədəf tibb müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, idarəetmədə çevikliyin artırılması və vahid yanaşmanın formalaşdırılması idi.
İkinci hədəf isə icbari tibbi sığortaya keçidlə əlaqədar tibbi xidmətlərin maliyyələşdirilməsinin yeni mexanizminə uyğun olaraq xəstəxanaların fəaliyyətinin təşkili idi.
Eyni zamanda əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması, müasir müalicə üsullarının tətbiqi və xidmətlərin keyfiyyətinə nəzarət, tibb müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi və idarəetmə nəticələrinə görə məsuliyyət mexanizmlərinin gücləndirilməsi də TƏBİB-in rəsmi vəzifələri sırasında idi.
Səhiyyə xidmətlərində vətəndaş məmnunluğunun yaradılması
Səhiyyə hər bir dövlətin sosial siyasətinin ən həssas və strateji istiqamətlərindən biridir. Çünki bu sahədə həyata keçirilən islahatların nəticəsi yalnız statistik göstəricilərlə deyil, insanların sağlamlığında, tibbi xidmətlərə əlçatanlığında və dövlətin sosial məsuliyyətinin necə reallaşmasında özünü göstərir.
Məhz bu baxımdan Azərbaycanda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin — TƏBİB-in yaradılması ölkənin səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsinə yönəlmiş mühüm institusional addım idi. Əslində bu bir sosial sifariş idi. Və qısa zamanda bu sifariş uğurla icra olundu.
TƏBİB Azərbaycan səhiyyəsinə nələri qazandırdı?
İlk növbədə səhiyyə xidmətləri kifayət qədər əlçatan oldu. Bürokratik əngəllər minimuma endirildi, müqəddəs həkim adına yaraşmayan hallar aradan qaldırıldı. Artıq hansısa xidmətdən yararlanmaq üçün kimlərinsə qapısında dayanmağa, kimlərəsə nəsə boyun olmağa ehtiyac yoxdur.
TƏBİB ənənəvi idarəetmə modelində səhiyyə müəssisələrinin fəaliyyəti, maliyyə resurslarının bölüşdürülməsi, xidmətlərin təşkili və keyfiyyətə nəzarət kimi məsələlər vahid sistem daxilində daha çevik və nəticəyönümlü mexanizmlərin tətbiqini həyata keçirdi. Əhalinin artan tibbi ehtiyacları, müasir diaqnostika və müalicə üsullarının genişlənməsi, səhiyyə infrastrukturunun yenilənməsi zərurəti də yeni yanaşmanın tərkib hissəsi idi.
TƏBİB-in fəaliyyətini icbari tibbi sığortadan ayrı təsəvvür etmək mümkün deyil. Çünki bu iki istiqamət Azərbaycanın səhiyyə sistemində aparılan islahatların bir-birini tamamlayan mühüm elementləridir.
İcbari tibbi sığortanın tətbiqi vətəndaşların müəyyən edilmiş xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərdən yararlanması üçün yeni imkanlar yaradıb. Bu modelin mahiyyəti ondan ibarətdir ki, tibbi xidmətlərin maliyyələşdirilməsi daha sistemli mexanizmlər əsasında həyata keçirilsin, vətəndaşların zəruri müayinələrə və müalicəyə çıxışı genişləndirilsin.
Bu sistemdə TƏBİB dövlət tibb müəssisələrinin idarə olunması və xidmətlərin təşkili ilə məşğul olduğu halda, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi sığorta mexanizminin maliyyələşdirilməsi və xidmətlərin satın alınması funksiyalarını yerinə yetirir. Səlahiyyətlərin bu şəkildə bölüşdürülməsi düzgün koordinasiya şəraitində həm idarəetmənin, həm də maliyyə resurslarından istifadənin səmərəliliyini artırmaq potensialına malikdir.
Bəs TƏBİB niyə Səhiyyə Nazirliyinə birləşdirildi?
Məlumdur ki, icbari tibbi sığorta yalnız maliyyələşdirmə mexanizmi deyil, eyni zamanda səhiyyə xidmətlərinin təşkili və əhalinin tibbi təminatının yaxşılaşdırılması baxımından mühüm sosial alətdir.
TƏBİB-in yaradılması ilə dövlət səhiyyə müəssisələrinin idarə olunmasında vahid yanaşmanın formalaşmasına, fəaliyyətin əlaqələndirilməsinə və xidmətlərin təşkilinə diqqətin artırılmasına imkan yarandı.
Əslində, TƏBİB-in vaxtilə yaradılması icbari tibbi sığortaya keçid dövrünün qaçılmaz və uğurlu bir mərhələsi idi. Artıq keçid dövrü başa çatıb.
Azərbaycan səhiyyəsində yeni mərhələ başlayır...
Bu gün TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsini nəzərdə tutan Fərman ölkəmizin səhiyyə sistemində həyata keçirilən islahatların yeni və mühüm mərhələsinin başlanğıcıdır. Əslində, səhiyyə siyasətinin əsas məqsədi yalnız dövlət xəstəxanalarının idarə olunması deyil. Bu siyasəti həyata keçirən qurum mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, ölkədə tibbi xidmət göstərən bütün müəssisələrin və subyektlərin fəaliyyətinə strateji istiqamət verən, onların inkişafını təşviq edən, keyfiyyət standartlarını müəyyənləşdirən və maraqlarını qoruyan vahid sistemin təminatçısı olmalıdır.
Bu baxımdan, Dövlətimizin başçısının bugünkü Fərmanı səhiyyə siyasətinin vahid mərkəzdən formalaşdırılması, idarəetmədə paralelliyin aradan qaldırılması, resurslardan daha səmərəli istifadə edilməsi və dövlət-özəl sektor əməkdaşlığının inkişafı üçün mühüm zəmin yaradır.
İcbari tibbi sığorta isə bu modeldə səhiyyə xidmətlərinin dayanıqlı və ədalətli maliyyələşdirilməsini təmin edən əsas mexanizmlərdən biri kimi öz funksiyasını yerinə yetirməlidir. Məqsəd ayrı-ayrı qurumların ön plana çıxması deyil, vətəndaşın sağlamlığını mərkəzə qoyan bütöv bir səhiyyə sisteminin formalaşdırılmasıdır.
Surxay Atakişiyev, Bizim.Media































































































