Xəbər verildiyi kimi Bakı şəhərinin Xəzər rayonu, Mərdəkan qəsəbəsinin dəniz sahilində az sayda (20-30 ədəd) balığın tələf olması faktı qeydə alınıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı daxil olan ilkin məlumatlar əsasında aidiyyəti dövlət qurumları tərəfindən əraziyə baxış keçirilib və araşdırmalara başlanılıb.
"Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri hadisə yerində olub, mövcud vəziyyətlə tanış olublar.
Əraziyə baxış zamanı balıq nümunələrinin götürülməsi mümkün olmayıb. Buna səbəb balıqların sahildə uzun müddət qalması nəticəsində parçalanma və çürümə prosesinə məruz qalması olub. Bununla yanaşı, laborator müayinələrin aparılması məqsədilə dəniz suyundan nümunələr götürülərək müvafiq qaydada təqdim edilib.
Hazırda balıqların tələf olmasına səbəb ola biləcək amillərin müəyyənləşdirilməsi məqsədilə aidiyyəti qurumların iştirakı ilə araşdırmalar davam etdirilir. Götürülmüş su nümunələrinin laborator müayinələrinin nəticələrinin təhlili hadisənin mümkün səbəblərinin aydınlaşdırılması baxımından əhəmiyyət daşıyır.
Laborator müayinələrin və araşdırmaların nəticələri məlum olduqdan sonra hadisənin səbəbləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda əlavə edilib.
Qeyd edək ki, sosial mediada Bakının Mərdəkan qəsəbəsində dəniz sahilinə ölü balqların çıxması ilə bağlı görüntülər yayılıb.
Fəridə, Bizim.Media





























































































