Süni intellekt dünyanın iqtisadi mənzərəsini necə dəyişir? – ARAŞDIRMA

Hazırda oxunan: Süni intellekt dünyanın iqtisadi mənzərəsini necə dəyişir? – ARAŞDIRMA

617992

Qlobal investisiya bankı “Bank of America” (BofA) süni intellektin (Sİ) yaxın onillikdə dünya iqtisadiyyatına göstərəcəyi təsirlərlə bağlı geniş analitik hesabat yayımlayıb. Hesabatda vurğulanır ki, süni intellekt qlobal iqtisadi artımı hər il təxminən 1% sürətləndirərək, mövcud artım tempini 3.5%-dən 4.5%-ə yüksəltmək potensialına malikdir.

Süni intellekt fərdi tapşırıqlar və peşələr səviyyəsində inanılmaz sürət nümayiş etdirsə də, onun ümumi iqtisadiyyata (makroiqtisadiyyata) təsiri hələlik gözləniləndən daha zəifdir:

BofA analitiklərinin fikrincə, Sİ modellərinin sürətlə təkmilləşməsi və bu texnologiyanın maya dəyərinin (xərclərinin) azalması fonunda, gələcəkdə məhsuldarlıq artımı hazırkı proqnozlardan 10 dəfə daha çox ola bilər.
 

MÖVZU İLƏ BAĞLI:

Süni intellekt beyni "tənbəlləşdirə" bilər? - Alimlərdən XƏBƏRDARLIQ


Sİ təkcə mexaniki işləri əvəzləmir, həm də elmi tədqiqatları və yeni ideyaların yaradılmasını sürətləndirir.

Bu isə iqtisadiyyatlara birdəfəlik deyil, uzunmüddətli və dayanıqlı artım bəxş edir.

Süni intellekt tətbiqində ön sıralarda qərarlaşan aparıcı iqtisadiyyatlarda məhsuldarlığın yüksəlməsi investisiya tələbini gücləndirəcək. Bu isə həmin ölkələrdə uzunmüddətli neytral faiz dərəcələrinin artmasına səbəb olacaq. Geri qalan ölkələr isə bu maliyyə dalğasından kənarda qalacaqlar.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, süni intellektin yeni məhsul istehsalına imkan verməsi, əslində, makro səviyyədə uzunmüddətli və dayanıqlı məhsuldarlıq artımını təmin edən əsas hərəkətverici qüvvədir:

“Bank of America”-nın hesabatında da vurğulandığı kimi, bu texnologiya təkcə rutin və mexaniki işləri əvəzləmir, həm də elmi tədqiqatları, innovasiyaları və yeni ideyaların yaradılmasını ciddi şəkildə sürətləndirir. Baxmayaraq ki, hazırda mikrosəviyyədə, yəni kodlaşdırmada 55% səmərəlilik artımı, mətn yaradılmasında isə 40% səmərəlilik artımı olduğu halda, bunun ümumi iqtisadiyyata təsiri hələlik ildə cəmi 0.1% kimi zəif bir göstərici ilə məhdudlaşır.

Lakin bu texnologiyanın qlobal biznes tərəfindən mənimsənilməsi sürətlə genişlənir və artıq şirkətlərin 64%-i süni intellekti öz işinə daxil edib.

Süni intellekt modellərinin sürətlə təkmilləşməsi və maya dəyərinin azalması fonunda, yeni məhsulların yaradılması zənciri tam oturuşduqdan sonra məhsuldarlıq artımının hazırkı proqnozlardan 10 dəfə daha çox ola biləcəyi gözlənilir.

Bu dinamika qlobal iqtisadi artımı hər il təxminən 1% sürətləndirərək mövcud artım tempini 3.5%-dən 4.5%-ə yüksəltmək potensialına malikdir və rəqəmsal ekosistemə çevik adaptasiya olan lider ölkələrdə, xüsusilə ABŞ və Çində investisiya tələbini gücləndirərək uzunmüddətli neytral faiz dərəcələrinin artmasına şərait yaradacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin