Mağazalarda, ticarət mərkəzlərində tez-tez mübahisələrə səbəb olan, alcı ilə satıcını qarşı-qarşıya gətirən vəziyyət yaranır: ehtiyatsızlıqdan yaxud səhlənkarlıqdan məhsul zədələnir. Xüsusən də bu, qeyri-qida məhsulları, məişət əşyaları, kosmetik, təmizləyici vasitələr şöbəsində sıx rastlanan hallardandır. Bəzən haqlı, bəzə isə haqsız olaraq alıcıdan ödəniş tələb olunur ki, çarəsiz qalan tərəf razılaşmalı olur.
Bəs hansı hallarda alıcı, hansında isə mağaza haqlıdır?
MÖVZU İLƏ BAĞLI:
Bu il vətəndaşlara geri qaytarılan ƏDV-nin MƏBLƏĞİ
Mülki Məcəllənin 152.10-cu maddəsinə əsasən əgər məhsul qəsdən zədələnibsə, buna alıcı məsuliyyət daşıyır. Mağazanın səhlənkarlığı ucbatından zədələnibsə, məsələn məhsullar qeyri-düzgün şəkildə yerləşdirilib, möhkəm olmayan rəflərdə sıx düzülüb, dar keçidlərdə sınan əşyalar qoyulub və s. o zaman alıcının təqsiri yoxdur.
Mağaza nümayəndəsi yaxud sahibi ondan ödəniş tələb edə bilməz. Edərsə, dərhal şikayət olunmalıdır.
Əgər məhsul alıcının diqqətsiz davranışı nəticəsində zədələnibsə, məsələn, ehtiyatsız hərəkət edib məhsulu yerə salıb sındırıbsa, qapağı açarkən zədələyibsə, mağaza dəymiş zərərin ödənilməsini tələb edə bilər. Amma zədələnən malın dəyərini alıcıdan könüllü şəkildə tələb etməlidir.
Əgər alıcı zərərin onun diqqətsizliyi üzündən yarandığını qəbul edirsə, bu məbləği ödəməlidir. Lakin müştəri özünü təqsirkar hesab etmədiyi halda, mağaza alıcını yerindəcə məcbur edib pul ödətmək səlahiyyətinə malik deyil, müraciət olunmalı, məsələ hüquqi qaydada həll edilməlidir.
Şəfiqə Şəfa, Bizim.Media






































































































