Mayın 30-dan etibarən Ermənistandan Rusiyaya meyvə-tərəvəz məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin (“Rosselxoznadzor”) yaydığı məlumata görə, Ermənistandan gətirilən təzə pomidor, xiyar, bibər, göyərti və çiyələyin idxalı məhsulların təhlükəsizliyini təmin edən mexanizm hazırlananadək dayandırılır.
“Rosselxoznadzor” bildirib ki, qərar Ermənistandan Rusiyaya göndərilən meyvə-tərəvəz məhsullarında pozuntuların artması və fitosanitar təhlükəsizliyin təmin olunması məqsədilə qəbul edilib.
Qurum qeyd edib ki, mayın 21-dən 27-dək Ermənistandakı müəssisələrdə aparılan yoxlamalar zamanı Avrasiya İqtisadi İttifaqı ölkələri üçün karantin hesab edilən zərərli orqanizmlər aşkarlanıb. Məlumata görə, 2026-cı il ərzində erməni məhsullarının idxalı zamanı bu cür pozuntular üzrə 181 fakt qeydə alınıb.
BMT-nin məlumat bazasına əsasən, Ermənistan 2024-cü ildə Rusiyaya 53,2 milyon dollar dəyərində meyvə və 74,1 milyon dollar dəyərində tərəvəz ixrac edib. 2025-ci ilin may-noyabr aylarında isə meyvə ixracı təxminən 47 milyon dollar, tərəvəz ixracı isə 60 milyon dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarının ən böyük idxalçısı Rusiyadır. 2025-ci ilin yekunlarına görə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixrac dəyəri 837 milyon ABŞ dollarını keçib. Bunun 696 milyon dollarlıq hissəsi meyvə-tərəvəz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31% çoxdur.Bu ilin I rübündə isə 750 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.
Bəs Ermənistandan meyvə-tərəvəz ixracına tətbiq edilən qadağa Azərbaycan fermerləri üçün hansı imkanlar aça bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyir ki, Ermənistandan Rusiyaya tərəvəz icracına qadağanın qoyulması yeni reallıqlar yaradır:
“Bu qadağa yeni oyunçuların meydana çıxmasına və yaxud köhnə partnyorların imkanlarının artmasına təkan verəcək. Bu məsələdə ən çox qazana biləcək ölkələr Avrasiya İqtisadi İttifaqının üzvləridir. Aİİ üzvlərindən bu məsələdə ən çox yaralana biləcək ölkə Özbəkistandır. Çünki bu ölkənin kənd təsərrüfatı potensialı böyükdür. Qazaxıstan və Qırğızıstansa bu məsələdə o qədər maraqlı deyil.
Amma Rusiyaya qonşu dövlət olaraq Türkiyə və Azərbaycan üçün də bu qadağa müəyyən imkanlar açır. Nəzərə alaq ki, Türkiyə uzun illərdir ki, Rusiya bazarında var. Şimal qonşularımızın meyvə-tərəvəzlə təminatında qardaş ölkənin payı böyükdür.
Azərbaycan da hər il Rusiyaya böyük miqdarda meyvə-tərəvəz ixrac edir. Yeni reallıqlar fonunda fermerlərimiz öz ixrac potensiallarını artıra bilərlər. Bizim fermerlərin imkanları ona görə yüksək qiymətləndirilir ki, həm kommunikasiya imkanları genişdir, həm qət ediləcək yol qısadır, həm də ölkəmizdə yetişdirilən tərəvəzlər daha keyfiyyətlidir”.
Surxay Atakişiyev, Bizim.Media







































































































