Çində tam avtomatlaşdırılmış və demək olar ki, insan müdaxiləsi olmadan işləyən “ağıllı limanlar” sürətlə inkişaf edir. Ən məşhur nümunələrdən biri Qingdao Port limanıdır. Belə ki, burada konteynerlərin daşınmasını sürücüsüz robot maşınları həyata keçirir. Nəhəng kranlar uzaqdan idarə olunur və ya süni intellekt sistemi ilə işləyir. Gəmilərin yüklənməsi və boşaldılması proseslərinin böyük hissəsi də avtomatik həyata keçirilir.
Bundan başqa, tekstil sənayesində də artıq insan iştirakı minimuma endirilən “ağıllı anbarlar” yaradılır. Belə anbarlarda əsas işi robotlar və süni intellekt görür.
Bütün dünyada insansız idarəetmə prosesləri sürətləndiyi bir vaxtda yaxın 3-5 il ərzində bizi nə gözləyir? Bu, insanların işsiz qalmasına gətirib çıxa bilərmi?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “globalinfo.az”a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşovun sözlərinə görə ki, növbəti 5 ildə süni intellekt, robotlar və avtomatlaşdırılmış sistemlərin tətbiqi daha da genişlənəcək:
“Limanlarda, anbarlarda, logistika mərkəzlərində və hətta bəzi istehsal sahələrində insan əməyinə olan tələbat azalacaq. Ancaq bu, insanların tamamilə işsiz qalacağı anlamına gəlmir. Çünki istənilən texnologiyanın arxasında yenə insan dayanır. Robotun özü də avadanlıqdır, onun mühərriki, sensorları, proqram təminatı, mexaniki və digər hissələri var. Avadanlıq sıradan çıxdıqda, proqramda xəta yarandıqda yaxud sistem gözlənilməyən vəziyyətlə qarşılaşdıqda müdaxilə edən insan olur. Robotun təmirini, texniki xidmətini, proqram yenilənməsini və idarə edilməsini yenə insanlar həyata keçirir”.
Ekspert bildirib ki, texnoloji inqilablar bəzi peşələri sıradan çıxarsa da, onların yerinə yeniləri yaradılır:
“Məsələn, əvvəllər anbar işçilərinin gördüyü bəzi işləri robotlar görə bilər, amma bunun əvəzində robot texniki, avtomatlaşdırma mühəndisi, məlumat analitiki, süni intellekt operatoru kimi yeni ixtisaslara ehtiyac artır. Ona görə də əsas məsələ insanların işsiz qalması deyil, əmək bazarının transformasiyasıdır. İnsan faktoru heç bir zaman istehsaldan tam çıxmayacaq. Çünki hər bir sistemi quran da, inkişaf etdirən də, nəzarətdə saxlayan da insandır.
Texnologiya insanı tam əvəz etmir, daha çox onun iş üsulunu dəyişir və fiziki əməyin bir hissəsini üzərinə götürür. Bu səbəbdən yaxın illərdə insan və maşının birlikdə işlədiyi hibrid modelin daha geniş yayılacağını gözləmək olar”.
Bizim.Media




































































































