Neft qiymətlərində KƏSKİN ENİŞ – Hansı həddə qədər UCUZLAŞACAQ?

Hazırda oxunan: Neft qiymətlərində KƏSKİN ENİŞ – Hansı həddə qədər UCUZLAŞACAQ?

616470

Yola saldığımız həftənin yarıdan çoxu bayram və istirahət günləri oldu. Bu baxımdan ölkənin enerji həyatında baş verənləri nisbi sakitlik kimi qəbul etsək də, amma enerjisiz də adlandıra bilmərik.   

Qlobal bazarlar

Brent markalı neft yola saldığımız həftəni 93 dollardan aşağı qiymətlə bağladı. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2026-cı ilin yanvar-aprel aylarında Brent markalı neftin bir barelinin orta nominal qiyməti 87,5 dollar təşkil edib, ilin əvvəlindən mayın ortasına qədər isə artıq 90 dollar həddini aşıb. Bəs bundan sonrakı dövrdə neft qiymətləri necə dəyişəcək? Bu suala cavab vermək üçün neftin niyə bahalaşması səbəblərinə nəzər yetirməliyik ki, o səbəblərin aradan qalxması şəraitində dünya bazarlarındakı qiyməti təxmin edə bilək.

Qeyd edim ki, 2026-cı ilin ilk ayları dünya enerji bazarı üçün son illərin ən ziddiyyətli və emosional dövrlərindən biri kimi yadda qaldı. İlin əvvəlində qlobal bazarlarda iqtisadi artım tempinin zəifləməsi müşahidə edilirdi. Buna görə də yanvar-fevral aylarında Brent markalı neft 65-70 dollar dəhlizində ticarət edilir və orta qiymət ötən ilin eyni dövründən aşağı idi. Lakin fevralın sonundan etibarən Yaxın Şərqdə vəziyyətin sürətlə hərbi fazaya keçməsi enerji bazarlarında tamamilə yeni reallıq yaratdı. ABŞ və İsrailin İrana qarşı əməliyyatları, ardınca isə Tehran tərəfindən Hörmüz boğazının faktiki bağlanması bazarlarda şok effekti yaratdı. Nəticədə mart ayından başlayaraq neft qiymətləri kifayət qədər yüksəldi.

Neft ucuzlaşacaqmı?

Bundan sonrakı dövr üçün qiymətlərin necə olması dünyada ilk növbədə siyasi sabitliyin nə qədər tez bir zamanda bərqərar olmasından və onun dayanıqlığına bağlı olacaq. Bu baxımdan qlobal bazarların hələ qeyri-müəyyənlik içində olduğunu görürük. Çünki neft bazarlarına təsir edən əsas “Hörmüz boğazı tam və təhlükəsiz şəkildə əvvəlki rejimdə işləyəcəkmi?”sualı açılq qalır.

Təbii ki, əgər rəsmi Vaşinqton və İran ortaq məxrəcə gələ bilsələr və nisbi də olsa sabitlik qorunsa, aydındır ki, neft qiymətləri daha da ucuzlaşcaq. Amma onun Körfəzdə müharibədən əvvəlki qiymət həddində bərqərar olması mümkünsüzdür. Çünki müharibədən sonra artıq bazar yeni reallıqlarla özünü tənzimləməli olacaq. İndi neft qiymətlərinə təkcə daşımaların təhlükəsiz həyata keçirilməsi ilə yanaşı, həmçinin Körfəz ölkələrində hasilatın nə zaman əvvəlki göstəricələr səviyyəsində bərpa olunması da təsir edəcək. Bundan sonra isə dünya iqtisadiyyatının real artım templərinin hansı həcmdə neftlə təminatı gündəmdə olacaq. Yəni bazardakı təklif tələbləri yetərincə ödəyəcəkmi?

Bu baxımdan ilin əvvəlindən yaşananlar bir daha göstərir ki, enerji bazarında proqnozlar artıq əvvəlki qədər etibarlı deyil. Çünki bazarı indi yalnız iqtisadiyyat yox, geosiyasət, hərbi risklər və logistika təhlükəsizliyi idarə edir. 2026-cı ilin ilk yarısı da sübut etdi ki, enerji bazarında bəzən bir siyasi qərar və ya bir raket zərbəsi aylarla hazırlanmış iqtisadi proqnozları bir neçə saat ərzində dəyişə bilir. Amma bir şey qəti aydındır ki, neft ucuz olmayacaq. Ən azından bu il.

Neft gəlirlərinin azalan dövrü

Azərbaycan hökuməti neft gəlirlərinin azaldığı şəraitdə əvvəllər bu sektor hesabına formalaşmış ehtiyatlardan rasional istifadə etmək və dövlət büdcəsinin gəlir hissəsində neftdən kənar sahələrdən əldə edilən gəlirləri get-gedə artırmaq niyyətindədir. Qeyd edim ki, Azərbaycanın ixracında neft-qaz sektorundan əldə edilən gəlirlərin pik dövrü 2011-ci ilə təsadüf edib. O zaman bu göstərici, Dövlət Gömrük Komitəsinin hesabatlarına əsasən, 25 milyard dollar təşkil edib. Ötən il isə bu göstərici 21,4 milyard dollara qədər azalıb.

Düzdür, 2011-ci ildə neft və neft məhsulları ixracı ölkəmizə 24,4 mlrd dollar gəlir gətirmişdisə, ötən il bu göstərici 12,5 mlrd dollara qədər azalmış, əvəzində təbii qazın gətirdiyi gəlir təqribən 600 milyondan 8,82 mlrd dollara qədər artıb. Ümumən, neft-qaz sektorunun Azərbaycanın ixracaındakı payı baxılan dövrdə 94%-dən ötən il 85%-dək azalıb. Amma bununla belə, onun xüsusi çəkisinin dövlət büdcəsində azalması hökumətin hədəfindədir.

Büdcənin neftdən asılılığının azaldılması

Elə bu həftənin ilk iş günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirənin də mahiyyəti bundan ibarət idi. Dövlət başçısı bununla əlaqədar hökumətə torpaqlardan səmərəli istifadə, məhsuldarlığın artırılması və ümumən neftdən kənar iqtisadiyyatın imkanlarının genişləndirilməsi kimi məsələlərə kompleks şəkildə yanaşma tapşırığı verib. Çünki bundan əvvəlki dövrlərdə əsasən neft gəlirləri hesabına formalaşan dövlət büdcəsindən regionlara və o cümlədən kənd təsərrüfatına verilən yardımlar heç də gözlənilən nəticələrin əldə edilməsinə yetərli olmayıb.

Bundan bir gün sonra AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində maliyyə naziri Sahil Babayev bəyan edib ki, dövlət büdcəsində neft-qaz sektorunun payı əgər keçən il 48 faiz idisə, proqnozlaşdırırıq ki, cari ildə bu pay icrada 42-43 faizə enəcək. Proqnozda 42,6 faizdir, düşünürük ki, icrada 42-43 faiz aralığında olacaq.

“2030-cu ildə bu rəqəmin cəmi 30 faiz olmasını planlaşdırırıq. Bu, dövlət büdcəsində çox ciddi dəyişiklikdir. Cəmi 5 illik dönəmdə 48 faizdən 30 faizə qədər eniş hədəflənir və artıq dövlət büdcəsinin 70 faizi qeyri-neft gəlirləri hesabına təmin olunacaq”, - deyə maliyyə naziri hökumətin planlarını dəqiqləşdirib.

20 il istismarda olan əsas neft kəmərimiz

Bu həftə enerji tariximizdə dərin iz buraxan bir layihənin yubileyinə yaxınlaşmışıq. Söhbət Azərbaycanın əsas ixrac neft kəməri olan Bakı-Tiflis-Ceyhan layihəsindən gedir.

28 may 2006-cı il tarixində bu kəmərlə Səngəçal terminalından nəql edilən neft həcmləri Aralıq dənizi sahilindəlki Ceyhan terminalına çatır. Energetika nazirliyinin ictimailəşdirdiyi məlumata görə, 20 ildir ki, istismarda olan əsas ixrac kəməri ilə təqribən 556 milyon ton Azərbaycan mənşəli neft nəql edilib.

Xatırladım ki, hazırda BTC boru kəməri ilə Azərbaycandan "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft, həmçinin "Şahdəniz" və “Abşeron” yatağından çıxarılan kondensat daşınır. Bundan əlavə, BTC vasitəsilə o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. Özü də Türkmənistan neftinin nəqli 2010-cu ildən stabil olaraq həyata keçirilir. İndiyə qədər kəmərlə təqribən 70 milyon ton tranzit nefti daşınıb.

AÇG-də yeni texnoloji həll

Neft mövzusunu davam etdirərək bildirmək istərdim ki, bu günlərdə bp şirkəti “Azəri-Çıraq-Günəşli” müqaviləsinin operatoru kimi ilk dəfə bu yataqlarda çoxlüləli quyu texnologiyasını uğurla tətbiq etdiyini açıqlayıb. Və bunu Xəzər dənizində 29 il müddətdə istismar edilən neft yataqlarından neftvermə əmsalının maksimuma çatdırılması və hasilatın uzunmüddətli davamlılığını təmin edilməsi istiqamətində mühüm bir addım kimi qiymətləndirib.

İlk çoxlüləli quyu “Qərbi Azəri” platformasından qazılıb və artıq uğurla təhvil verilib. 2026-cı il ərzində müqavilə sahəsində çoxlüləli 3 quyu istifadəyə veriləcək. Uzunmüddətli perspektivdə isə 2027-2028-ci illər ərzində daha çox çoxlüləli quyuların qazılması nəzərdə tutulur ki, bu da ümumilikdə AÇG-də hasilatın stabilləşdirilməsi yönümündə konsorsiumun atdığı mühüm addım kimi vurğulanır.

bp-nin yaydığı məlumatın əsas məğzi budur ki, şirkət “Azəri-Çıraq-Günəşli” blokunda olan qalıq neftini daha çox həcmdə çıxarmaq üçün yeni texnologiyaları tətbiq etməyə başlayıb. Məqsəd yeni məhsuldar lay tapmaq deyil, qalıq neft həcmlərini daha səmərəli şəkildə hasil etməkdir.  

Sadə dillə desək, AÇG-dən əvvəlki dövrlərdə neft lay təzyiqi hesabına asan çıxırdı. Amma illər keçdikcə yataqdakı təzyiq azalır və nəticədə neftin bir hissəsi layların içində qalır. Hazırda əsas məsələ həmin həcmlərin müasir texnoloji həllər hesabına çıxarılmasını təmin etməkdir.

Bu texnologiyaların Azərbaycanın özü üçün əhəmiyyəti böyükdür. Çünki AÇG artıq “yaşlanan” yataq hesab olunur və hasilat uzun illərdir azalma meylindədir. Yeni texnoloji həllərin məqsədi bu azalmanı zəiflətmək, yatağın ömrünü uzatmaq və dövlət gəlirlərinin daha uzun müddət qorunmasına kömək etməkdir. Başqa sözlə, bp çalışır ki, AÇG-dən əvvəl planlaşdırıldığından daha çox neft çıxarmaq mümkün olsun.

İlham Şaban, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin