Braziliya ətlərində TƏHLÜKƏ AŞKARLANDI – Azərbaycana da İDXALI DAYANDIRILACAQ?

Hazırda oxunan: Braziliya ətlərində TƏHLÜKƏ AŞKARLANDI – Azərbaycana da İDXALI DAYANDIRILACAQ?

614420

Avropa İttifaqı Braziliyadan ət, xüsusilə də mal əti və ət məhsullarının idxalını qadağan edib.

Qərara səbəb həmin məhsulların sanitariya standartlarına cavab verməməsidir. Xüsusilə, bu, heyvanların həyat dövrü ərzində antimikrob maddələrin istifadəsi ilə bağlıdır.
 

“Brasil 247” portalının yazdığına görə, Aİ-nin bu qərarı səbəbindən Braziliya ildə 1,8 milyard dollardan çox zərərlə üzləşə bilər. Bildirilir ki, Avropa İttifaqı Çindən sonra Braziliya ətinin ikinci ən böyük idxalçısıdır. 2025-ci ildə Aİ ölkələri bu ölkədən  368.000 tondan çox əsasən mal əti alıblar.


Braziliya hakimiyyəti artıq "bu Aİ qərarını ləğv etmək və ixrac üçün uyğun ölkələr siyahısına qayıtmaq üçün dərhal bütün lazımi tədbirləri görəcəklərini" açıqlayıb.

Qeyd edək ki, Azərbaycan da Braziliyadan böyük həcmdə mal əti alır.

Dövlət Gömrük Komitəsinin dərc etdiyi statistikaya əsasən, Azərbaycan bu ilin yanvar-mart aylarında 12 min 299 ton ət idxal edib. Bu həcmdə ətin dəyəri 28 milyon 630 min ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, həcm baxımından 410 ton (3,4%), dəyər baxımından isə 3 min 805 min dollar (15,3%) çoxdur.

Ölkəmizin 2026-cı ilin ilk rübü ərzində ət və ət məhsulları (iri buynuzlu heyvan əti, qoyun əti və quş əti daxil olmaqla) idxal etdiyi ölkələrin daha geniş və rəsmi statistikaya əsaslanan siyahısına Braziliya başçılıq edir. Bu həm dondurulmuş, həm də soyudulmuş məhsullara şamildir:

Ət növləri üzrə idxal ölkələri (2026-cı ilin birinci rübü):

Mal əti: Braziliya, Hindistan, Belarus, Ukrayna, Moldova, Rusiya, Paraqvay və Qazaxıstan;

Quş əti: Braziliya, Türkiyə, Rusiya, Ukrayna, ABŞ, Polşa, Almaniya və Macarıstan;

Qoyun əti: Gürcüstan, Monqolustan, Rusiya (Dağıstan regionu) və Avstraliya;

Diri heyvanlar (kəsimlik): Gürcüstan, Rusiya, Belarus və Macarıstan;

Emal olunmuş ət məhsulları (kolbasa, sosiska və s.): Rusiya, Ukrayna, Belarus və Türkiyə.

Göründüyü kimi, Braziliya ölkəmizə ən çox ət ixrac edən ölkələr siyahısındadır. Bu isə həmin ətlərin təhlükəsizliyi məsələsini gündəmə gətirir.

Bəs, Azərbaycanda Braziliyadan ət idxalına qadağa qoyulacaqmı?

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanladıq. Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin