Hər dəfə rəhmətlik Çingizin kadrlarına baxanda onun bağrına basıb, hönkür-hönkür ağladığı balaca qız uşağını, qırmızı "kalqotkalı" qızı görmək mənim bütün vicdanımı, qeyrətimi məhvərindən silkələyir!!!
Hər il daha böyük ümidlə bu kadrlara baxıram ki, bəlkə o balaca qızcığaz bu dəfə Çingizin qucağından buraxılıb, şən səslə oynamağa, danışıb gülməyə başlayacaq. Amma, əfsus ki, bu olmur, belə deyil. Onun gözünə sıxılan güllə nəinki o balacanın həm də o torpaqlarda yaşayan bütün Azərbaycan türklərinin görən gözünə, düşünən beyninə, vuran ürəyinə sıxılmış güllədir. Çingizin qucağındakı qızcığaz mənim də, sənin də, onun da hamımızın balasıdır, yaxud ola bilər. Onun hələ bu yaşda qətlə yetirilməsi Azərbaycan türkünün doğub-törəmək, artmaq, yayılmaq kimi istəklərini gözündə qoymaq demək idi. Düşmən demək istəyirdi ki, sizin qadınlarınızı kiçik yaşda ona görə məhv edirik ki, onlar böyüyüb xoşbəxt bir ailənin bacısına, anasına, tərbiyə verəninə, ev tikəninə çevrilə bilməsinlər...! Bu torpaqlarda Azərbaycan adlı bir nəsnə bir daha dünyaya gəlməsin deyə. Biz bir xalq olaraq Şuşanı da əldən verəndə elə bil gözümüzün qarşısında ən bakirə və saf bir Azərbaycan gözəlini zorlamışdı düşmən. Biz hələ də o balaca qızcığazın Şuşayla bioloji bağlılığını anlamış deyilik. Biz hələ də başa düşməmişik ki, Şuşa və qırmızı "kalqotkalı" qızcığaz iki bacı kimidir, ikisini də Çingiz ağlamışdı. Biri qırmızı koftalıydı, biri qırmızı kalqotkalı!!! Azərbaycan kişisi öz qızının, bacısının, sevgilisinin qətlə yetirilməsinə seyrçi qaldığına görə, bəlkə də əlacsızlıqdan hönkür-hönkür ağlayırdı, həm fevralda, həm də mayda. Bəlkə də bu iki gözəlin qətlə yetirilməsindən sonra artıq şəhidlərimizi ağlamağa qız gəlinimiz qalmadığı üçün kişilərimiz ağlayırdı. Axı bizdə məsəl var "Kişi ağlamaz". Amma ağladıq həmin günlər, çünki kişiliyimizdən əsər-əlamət qalmamışdı. Bizə aid olan bütün bakirələliklərə və məhrəmlərə donuz yeyən düşmən əl sürtmüşdü, addım atmışdı, güllə atmışdı!!!
P.S. İndi tarix 2015-i göstərir. Parklarda, xiyabanlarda dolaşərkən mən Çingizin qucağındakı o qızcığazla rastlaşıram. Ata-anası ilə gəzintiyə çıxıb, oynayıb, gülür. Amma hələ də əynindəki "qırmızı kalqotka"nı dəyişməyib! Heç biz özümüz də dəyişməmişik. Hələ də torpaqlarımız işğal altında, hələ də məcburi köçkünlərimiz ata-baba yurduna qayıtmayıb, hələ də o qızcığazların öcü alınmayıb. Dəyişməliyik, həm də toplum olaraq düşüncəmizdə, şüurumuzda, zehniyyətimizdə dəyişməliyik ki, bir daha bu cür faciələri yaşamayaq.
Qədir Aslanov
Ümid Partiyası Seçki və Təbliğat şöbəsinin müdiri




































































































