Leyla Yunusa Nobel Sülh mükafatının verilməsi təşəbbüsünə tanınmış ictimaiyyət nümayəndələrindən dəstək gəlməkdədir...
Bir neçə gün bündan öncə Gələcək Azərbaycan Partiyası (GAP) hüquq müdafiəçisi Leyla Yunusa Nobel Mükafatının verilməsi təşəbbüsüylə çıxış edərək beynəlxalq qurumlara, dünyanın tanınmış ictimai-siyasi xadimlərinə, həmçinin Nobel Komitəsinə müraciət ünvanlamışdı.
Gələcək Azərbaycan Partiyasının təşəbbüsü ilə bağlı bir sıra partiya sədrləri və müxalif liderlər də münasibətlərini bildirib.
El Hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev:
“Leyla xanımın Nobel Sülh Mükafatının təqdim edilməsi çox yaxşı hadisə olardı. Düşünürəm ki, bu olduqca gərəkli və lazımlı təşəbbüsdür. Hesab edirəm ki, Gələcək Azərbaycan Partiyasının bu təşəbbüsünü yalnız alqışlamaq, sözdə dəstək vermək kifayət deyil. Bu təşəbbüsə sözün hər mənasında hər bir vətəndaşımız qoşulmalı, bu istiqamətdə real nə etmək lazımdırsa etməlidir”.
Eks spiker Rəsul Quliyev:
“Mən əminliklə hesab edirəm ki, Leyla Yunus bu mükafata layiqdir və ona bu mükafat verilməlidir. Bu səbəbdən də Gələcək Azərbaycan Partiyasının təşəbbüsünü alqışlamaq və dəstəkləmək lazımdır. Bu ideya ətrafında eyni zamanda bütün siyasi qüvvələr səmimi şəkildə nə etmək lazım olsa etməlidir. Təbii ki, bu gün Azərbaycanda hüquq müdafiəçilərinə qarşı olunan təzyiqlər beynəlxalq qınağa səbəb olacaq. Bu repressiya siyasətini qətiyyətlə pisləyirəm. Düşünürəm ki, hüquq müdafiəşilərinin bu cür amansızlıqla döyülmələri və həbs edilmələri “yaramaz” bir haldır. Bu gün Azərbaycan buna son qoymalıdır və təcili sürətdə həbsdə olan bütün hüquq müdafiəçiləri azad olunmalıdır”.
AXCP-nin sədr müavini Nürəddin Məmmədli:
“Leyla xanım həbs olunandan sonra dostlarımla söhbət zamanı dedim ki, onun demokratiya və insan haqları sahəsindəki xidmətləri dünyanın ən nüfuzlu mükafatları, o cümlədən, Nobel Sülh Mükafatına layiqdir. Həqiqətən də Leyla xanımın yorulmadan apardığı mübarizə bir xaqın maraqları çərçivəsindən çıxaraq, beynəlxalq önəm daşıyan fenomenə çevrilmişdir. Ona görə də hesab edirəm ki, Azərbaycanın demokratik qüvvələri nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində təşəbbüs qrupu yaradaraq, Leyla Yunusu Nobel Sülh Mükafatına layiq görməlidirlər. Tam əminliklə bildirirəm ki, dünyada bu gün bu mükafata Leyla xanımdan daha layiqli kimsəni təsəvvür etmək mümkün deyil. Bu baxımdan mən də məlum təşəbbüsə qoşuluram və dostlarımızı da bu təşəbbüs ətrafında beynəlxalq qurumlarla əməkdaşlığa səsləyirəm”.
Hazırda Avstriyada mühacir olan Mahir Cavadov:
“Xanım Leyla Yunusa Nobel Mükafatının verilməsi iddiası ilə çıxış edən Gələcək Azərbaycan Partiasının təklifini dəstəkləyirəm. Vətəndaş cəmiyyətinin vətənimizdə bərqərar olunması uğrunda ən fəal və cəsur mübariz xanım olan Leyla Yunus həmfikri və həyat yoldaşı Arif Yunusla birgə dövlətimizin - xalqımızın maraqları uğrunda mübarizə apardıqları üçün "Ermənistan casusu" ittihami ilə şərlənərək həbs edilmişlər. Yunuslar ailəsi öz şəxsi maraqlarını deyil, bütün biz Azərbaycanlıların dövlət maraqlarını müdafiə edərkən, dövlət tərəfindən o cür təcavüzə məruz qalmışdır. Belə olan halda əlbətdə ki, onların hər ikisi Nobel Mükafatina layiqdirlər.
Yunuslar ailəsinin hal hazirda şərlənməsi biz Cavadovların 1994-95-ci illərdə şərlənməmiz kimi eyni hüquqi faktdır. Qeyd etdiyim faktlar Leyla xanım və Arif bəy Yunuslara Nobel Mükafatının verilməsini xahiş etməyimiz üçün bizə əsas verir”.




































































































