"Əsas məsələ Türkiyəni daxili qarşıdurmalardan qorumaqdır"

Hazırda oxunan: "Əsas məsələ Türkiyəni daxili qarşıdurmalardan qorumaqdır"

52741

Türkiyənin Baş naziri postunun Əhməd Davudoğluya həvalə olunması qardaş ölkəylə İsrail arasındakı gərginliyi daha da artıra bilər. Xatırladaq ki, İsrail yetkililərindən biri indiki baş nazir haqqında belə deyib: “Nə qədər ki, Türkiyənin xarici siyasətinə Əhməd Davudoğlu rəhbərlik edir, İsrail-Türkiyə münasibətlərinin normallaşmasından danışmağa dəyməz”.

Belə bir zamanda İsrailin prezidentlik postuna da türk düşməni kimi tanınan Reuven Rivlin gətirilib. Nəzərə alsaq ki, yəhudi maraqları dünyanın super gücü sayılan dövlətlərin, o cümlədən, ABŞ prioritetlərindəndir, dünyanın idarə olunmasında ciddi söz sahibi olan yəhudi təəssübkeşi dövlətlərlə ziddiyyətlərə getmək rəsmi Ankaraya nə qazandırır?

Moderator.az -ın suallarını cavablandıran  DİPM-İB-nin həmsədri, iqtisadçı ekspert Elçin Qurbanov hər bir dövlətin öz milli maraqları olduğunu, yürüdülən siyasətin bu maraqlar nəticəsində formalaşdırdığını bildirdi. Onun fikrincə, Türkiyənin indiki hakimiyyəti də məhz bu maraqları göz önündə bulunduraraq siyasət yürüdür: “Təbii ki, bəzi məqamlarda müxtəlif dövlətlərin milli maraqları toqquşur və bu da normaldır. Bu maraqlar mübarizəsində haqlı və öz haqqını müdafiə etməyi bacaran siyasi iradə qalib gəlir.”.


O ki qaldı İsrail və Türkiyə arasında siyasi ziddiyyətlərin getdikcə daha kəskinləşməsi ehtimalına Elçin Qurbanov bunu istisna etmir, ancaq yenə də rəsmi Ankaranın çəkinməsinə ehtiyac görmür: “Türkiyə bu günkü mövqeyində xeyli güclüdür. O, həm regional maraqlardan çıxış edir və istər-istəməz bulunduğu coğörafiyada hər kəsin rəğbətini qazanaraq güclənir, həm də qardaş ölkəyə güclü bir lider rəhbərlik edir. Türkiyənin baş naziri R.T.Ərdoğan mənəvi ideyalara malik, cəsarətli, iradəli, məğrur siyasi şəxsiyyətdir. Onun bu xüsusiyyətləri yəni həqiqi liderə məxsus keyfiyyətləri dünya miqyasında qısqanclıqla qarşılanır. Yadınızdadırsa bir neçə il öncə Fələstin İsrail münasibətləri çox kəskin hərbi əməliyyatlar müstəvisinə keçid alarkən Ərdoğanın ədalətli siyasi iradəsi bir çox müsəlman ölkələrində görünməmiş sevgi ilə qarşılandı. O, öz dövlətini bütün dünyaya müsəlmanların xilaskarı,o cümlədən İslamın mərkəzi kimi təqdim etdi. Amma təəssüflər olsun ki, müsəlman ölkələri bu gün heç bir siyasi iradə ortaya qoya bilmirlər. Onu da yəqin bilirəm ki, müsəlman ölkələrinin siyasiləri də Ərdoğanın bu nüfuzunu həzm edə bilmirlər. Bu da onların dırnaqarası müsəlman olduqlarından xəbər verir”.

Bütün bunlara baxmayaraq Elçin Qurbanov ABŞ-ın NATO üzvü olan Türkiyəni İsrail maraqlarına qurban verəcəyini də inandırıcı hesab etmir.  “Düzdür, Türkiyə bu gün siyasi ziddiyyətlərin subyektidir. Qardaş ölkənin süqutu üçün nəinki adı çəkilən ölkələr, eləcə də adını çəkmədiyiniz digər ölkələr də maraqlıdırlar. Amma Rusiya-ABŞ arasında getdikcə kəskinləşən münasibətlər fonunda rəsmi Vaşinqtonun Türkiyə kimi müttəfiqi itirəcək addımlar atacağına inanmıram”.

Ə. Davudoğlunun baş nazir postuna gətirilməsinin isə hansısa dövlətdə qıcıq yaradacağına inanmayan ekspertin fikrincə, Türkiyə hökumətinin əsas gücü hansısa nazir və ya baş nazir deyil: “Bu hökumətin əsas gücü R.T.Ərdoğandır. Onun xüsusilə Türkiyəni yeni quruluşlu, daha dinamik ölkəyə çevirmək istəməsi təbii ki, müxtəlif dairələrdə kəskin qıcıq yaradır. Onlar bu gücü zəiflətmək üçün Türkiyədə daxili qarşıdurmalar yaratmağa çalışırlar. Mən daha əvvəl də bu ehtimal barədə öz narahatlığımı ifadə etmişəm. Mənə elə gəlir ki, əsas məsələ Türkiyəni daxili qarşıdurmalardan qorumaqdır. Başqa yolla heç kimin onu sarsıtmaq imkanı yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin