Sevinc Telmanqızı: “Onun barəsində sonradan halallıq istəyəcək heç nə yazmamışam” Hacı Zeynalov: “O, arxa qapıdan çıxdı, jurnalistlərin də ondan halallıq istədiyinin şahidi olmadım” Hafiz Əhmədov: “Bizimlə danışanda Azərbaycan xalqına təşəkkür etdi” Şəhriyar Əlizadə: “Ondan niyə halallıq istəməliyik ki?” İnarə Rafiqqızı: “Halallığa qalanda biz ona halallıq verməli idik”
“Mandat qalmaqalı”nda adı hallanan, bu ilin 5 may tarixində Apellyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılan sabiq deputat Gülər Əhmədova aznevs.az saytına verdiyi son müsahibəsində diqqət çəkib. Daha çox media, qarşıdan gələn milli mətbuat günü ilə bağlı danışan sabiq deputat jurnalistlərlə münasibətlərinə də toxunub. 1993-cü ildən Azərbaycan mətbuatında çalışdığını deyən G.Əhmədova ilk iş yerinin də “Səhər” qəzeti olduğunu deyib: “Mən həmin illərdən mətbuatla sıx əməkdaşlıq edirəm. Ona görə də heç vaxt jurnalistlərimizlə pis münasibətdə olmaq arzum olmayıb. İnanmıram ki, kimsə barəsində qərəzli yazıların yazılmasının tərəfdarı olsun. Əks halda, belə bir ”məlumatlara" dözümlülük nümayiş etdirmək lazımdır. Mən bunu həbsdə olarkən də gördüm. Nəticədə də bir neçə jurnalist həbsdən buraxılan gün məndən halallıq istədilər. Mən də sözügedən jurnalistlərə halallığımı verdim. Onlar başa düşdülər ki, mənə qarşı çox böyük səhv ediblər".
“Yeni Müsavat” isə həbsdən çıxan gün məhkəmə zalında olan, habelə həmin gün onunla görüşüb açıqlama alan jurnalistlərlə danışdı: Gülər Əhmədovadan halallıq istəmisizmi? Sabiq deputat haqda yazdığınız hansı yazıların səhv olduğunu düşünürsüz?
“Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı bildirdi ki, bu qalmaqal başlanan gündən etibarən onu diqqətlə izləyib, araşdırmalar aparıb, silsilə müsahibələr götürüb və hətta hadisənin izi ilə Türkiyəyə qədər gedib. Bu səbəbdən mövzuya yaxından bələd olduğunu deyən həmkarımız yazılarında hər zaman faktlara istinad etdiyini vurğuladı: “Gülər Əhmədova azadlığa çıxan gün məhkəmənin qarşısında bizimlə görüşmədi, birbaşa evinə getdi. Biz də məhkəmədən sonra onun ailə üzvlərinin getdiyi yolu təqib edərək-çünki onun harda yaşadığını bilmirdik- evinə qədər getdik. Orada da cəmi 3 jurnalist var idi - mən, ANS-in əməkdaşı və “Mövqe” qəzetindən bir xanım jurnalist. Çətinliklə qısaca açıqlama ala bildik. Orda da Azərbaycan xalqına, azadlığa çıxmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi. Jurnalistlərdən heç biri ondan halallıq istəmədi. Ən azı mən orda olduğum müddətdə belə bir şey olmadı”.
S.Telmanqızı dedi ki, bir jurnalist olaraq G.Əhmədova mövzusunda hər zaman obyektiv yazılar, eksklüziv informasiyalar yazıb: “Yazdıqlarımız daha sonra məhkəmədə, elə Gülər Əhmədovanın öz çıxışlarında da təsdiqləndi. Hamısını bir-bir sadalayıb, vaxt aparmaq istəmirəm. Onun barəsində sonradan halallıq istəyəcək, peşman olacaq heç nə yazmamışam. Bir məhkəmə prosesini də boş buraxmamışam, hamısında iştirak edib, olanları obyektiv şəkildə yazmışam. Əks halda, özü məhkəmələrində dəfələrlə mənə təşəkkür etməzdi yazılarıma görə. Bu səbəbdən də kimə və nə üçün halallıq verdiyi mənimçün də qaranlıqdır”.
APA-nın əməldaşı Şəhriyar Əlizadə isə bildirdi ki, G.Əhmədovaya hökm oxunandan sonra onu görməyib, halallıq da istəməyib: “Niyə halallıq istəməliyik ki ? Məhkəmə prosesində nə olub onu yazmışıq”.
“Azadlıq” qəzetinin əməkdaşı Aytən Məmmədova dedi ki, məhkəmənin qərarı elan olunandan sonra jurnalistlərdən heç kimin onunla ünsiyyət imkanı olmayıb: “Məhkəmə zalından ola bilsin ki, sənədləşmə işləri ilə əlaqədar və ya əşyalarını götürmək üçün harasa aparılıb. Jurnalistlər məhkəmənin həyətində onun çıxmasını nə qədər gözləsələr də, Gülər Əhmədova gəlib çıxmayıb. Və məlum olub ki, o, başqa qapıdan çıxıb gedib. Belə olan halda, o, məhkəmə qərarından dərhal sonra hansı jurnalistə halallıq verə bilərdi?! Ikincisi, bu mövzuda yazan jurnalistlər niyə halallıq istəməli idi?”
“Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Hacı Zeynalov da dedi ki, məhkəmənin qarşısında Gülər Əhmədovanı çox gözləyiblər: “Amma halallıq üçün yox, onun məhkəmənin binasından çıxanda şəkilini çəkmək üçün. Amma Gülər Əhmədova məhkəmənin ön qapısından çıxmaq əvəzinə, arxa qapıdan gizli yolla məhkəmənin binasını tərk etdi. Biz isə bir çox həmkarlarımızla birlikdə düz bir saata yaxın Gülər Əhmədovanın məhkəmənin qarşısında gözləməli olduq. Məhkəmənin qarşısında heç bir jurnalistin Gülər Əhmədovaya yaxınlaşmasının şahidi olmadım”.
Jurnalist dedi ki, sabiq deputat barədə qərəzli heç nə yazmadığı üçün ondan halallıq da istəməyə ehtiyacı olmayıb: “Hər zaman məhkəmədən obyektiv reportaj hazırlamışıq. Niyə halallıq istəyək ki?”
Anspress.com saytının əməkdaşı Hafiz Əhmədov da azadlığa çıxandan sonra G.Əhmədovanın evində ondan açıqlama alan jurnalistlərdən olub. H.Əhmədov da dedi ki, sabiq deputatın hansısa jurnalistə halallıq verməsi ilə bağlı heç nə görməyib və eşitməyib: “Sadəcə dedi ki, Azərbaycan xalqına təşəkkür edirəm. Yadımdadır ki, evinə də çox çətinliklə girdik. Mühafizə içəri buraxmırdı”.
Virtualorg.az saytının əməkdaşı İnarə Rafiqqızı isə dedi ki, hökm veriləndən sonra G.Əhmədovanı görməyib, onunla hər hansı ünsiyyəti də olmayıb: “O, zaldan çıxdı, sonra da arxa qapıdan getdi. Kim gördü ki, onu? Özü də biz ondan niyə halallıq istəməliyik ki? Halalliğa qalanda da isə biz ona halallıq verməli idik. Hər məhkəməsini işıqlandırırdıq, dediklərini ictimaiyyətə çatdırırdıq. O da hər dəfə zala girib qışqırırdı ki, haminiz eyni şey yazırsız inkybator kimi. Halbuki məhkəmə reportajı elə bu cür də olmalıdır ”“ hamı baş verənləri yazmalıdır, öz fantaziyasından yararlanıb yazmalı deyil”.


































































































