“Böyük ehtimalla Surət Hüseynov Rusiyada hər hansısa regionda diaspora işi ilə məşğul olacaq”. Bunu Moderator.az-a açıqlamasında Rusiya Prezidenti yanında Millətlərarası nümayəndə və Vladimir Putinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov Azərbaycanın sabiq baş naziri Surət Hüseynovun Rusiyada diaspora təşkilatı açması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu kimi məlumatın nə qədər doğru olub-olmamsı haqqında dəqiq məlumatı yoxdur:
“Amma onu deyə bilərəm ki, Rusiyada yaşayan azərbaycanlılara xeyir verə biləcək hər bir addımı mən sadəcə alqışlaya bilərəm. Baxmayaraq ki, bir çoxları onu tanınmış qiyamçı polkovnik kimi qələmə verir. Hesab edirəm ki, qətliamlar dövrü 90-cı illərdə qaldı. İndi isə zaman dəyişib. Həm də, böyük ehtimalla o, çox dəyişib. Azərbaycan və Rusiya arasındakı münasibətlər normallaşıb və onlar strateji dövlətlərdir. Ona görə də, Surət Hüseynovun Rusiyadan Azərbaycana nə isə zərər vura biləcəyindən ehtiyat etməyə dəyməz. Mən heç Surət Hüseynovla tanış belə deyiləm. Onun haqqında sadəcə eşitmişəm və oxumuşam. Hətta oxumuşdum ki, o əvvəl erməni separatçılarına qarşı heç də pis mübarizə aparmayıb və qəhrəman belə olub”.
Xatırladaq ki, mətbuatda yayılan məlumata görə, sabiq baş nazir, Azərbaycanda qiyamçı polkovnik kimi tanınan Surət Hüseynov, Rusiyada diaspor təşkilatı yaratmaq istiqamətində fəaliyyətə başlayıb. Həmin diaspora təşkilatının adının “Nicat” olacağı deyilir. Qeyd edək ki, hazırda Surət Hüseynov Rusiyada yaşayır.
































































































