Ələkrəm Hümbətov: ”žHər zaman Azərbaycan türklərinin yanında olmuşuq“

Hazırda oxunan: Ələkrəm Hümbətov: ”žHər zaman Azərbaycan türklərinin yanında olmuşuq“

42119

Avropada mühacir həyatı yaşayan araşdırmaçı jurnalist Könül Sərdarlı Hollandiyada yaşayan Ələkrəm Hümbətovla əlaqə yaradaraq ondan Moderator.az üçün müsahibə götürüb, onu oxuculara təqdim edirik:

 - Ələkrəm bəy, 19 fevral konfransı ilə əlaqəli Azərbaycan mətbuatında belə bir informasiya yayıldı ki, Qarabağla bağlı müzakirələr tədbirin gündəliyindən çıxarılıb.Bu, doğrudurmu?

 - Bizim əsas məqsədimiz Qarabağ probleminin olduğu kimi dünyaya təqdim edilməsi deyilmi? Problemin həllinə ağılla, konstruktiv yanaşmaq əvəzinə tamamilə başqa yollarla gedir, bir-birimizə nifrəti gücləndirməyə çalışırıq. Tədbirdə iştirak etmək əvəzinə Azərbaycan iqtidarı və müxalifəti hansı yolu və hansı mövqeni tutdu? Suallar çoxdur, əvvəl onların cavabını özümüzdə axtarıb tapaq. Boğazdan yuxarı pafosla danımaqla deyil ki. Görünən odur ki, biz istəmirik Qarabağı! Nə qədər də desək ki, Qarabağ bizimdir, yalan deyirik, əksinə, konfliktin daha da dərinləşməsini istəyirik. Hətta yeni konfliktlər yaranmasını istəyənlər də var. Biz, bizə yaxın insanlarla dialoq yaradıb, dərdlərini dinləmək əvəzinə onlara yeni dərdlər yaradırıq, nifrət aşılayırıq. Lakin diqqətlə və savadla yanaşıb təhlil etməyə ehtiyacımız var. İş görmək istəyənlərə də maneə yaratmaqsa az qala məqsədimizə, ənənəmizə çevrilib. İş görmək istəməyənlərin ucuz şüarlarına uyub, vəziyyəti daha da ağırlaşdırmağa getməyimiz görünür kiməsə lazımdır, bunu mən bu gün anlayıram. İnanırsınız, Azərbaycan mətbuatına müsahibə vermək, səmimi söhbət etmək də çox çətindir. Azərbaycan ictimai rəyini onun jurnalistləri yaradır. Hamısına da aid etməsəm, yenə də deyə bilərəm ki, adını jurnalist qoyan, lakin nalayiq davranışları ilə Azərbaycanda ictimai rəyi zəhərləyən insanlardan ibarətdir bu günki mətbuatımız. Öz məişət problemlərini həll etmək üçün müəyyən qüvvələrə təslim olan jurnalistlər ədalətə və həqiqətə arxa çeviriblər.

 - Azərbaycanda bütün sahələr bu vəziyyətdədir.

 - Bilirəm, ancaq jurnalistika belə olmamalıydı. Jurnalistlər ədalətli, düzgün, tərəfsiz xəbərləri yaymalı idi. Lakin bu gün Azərbaycanda həqiqətlər təhrif olunur və bir çox mətbu orqanlarda gedən yazılar tərəfli və həqiqətin təhrif olunması ilə müşayət olunur. Axı bizim vəziyyətimiz ağırdır. Əksəriyyət başa düşmür ki, bizim özümüzün əlimizlə bizi idarə edənlərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək istəyi böyük şübhələr altındadır. Belə getsə, mümkün də olmayacaq heç zaman. Beynəlxalq ictimai fikiri bu məsələyə cəlb edərək ətraflı müzakirə yol açmaq, gənclərimizin bir daha qanının tökülməməsi üçün kimsə nə isə etmək istədiyində qisqanclıqla yanaşılır, müxtəlif formalarda təzyiqlər göstərilir. Təsəvvür edin ki, Azərbaycan iqtidarı tərəfindən edilən təsirlərin nəticəsində konfransın adı dəyişdirildi. Bunun nəticəsi olaraq Qarabağ məsələsinə daha geniş müzakirələr nəzərdə tutulmuşdu, lakin zaman bir az qısaldıldı. Azərbaycan mətbuatına yalan informasiya ötürüldü ki, guya tədbir ləğv olunub və ya tədbirin gündəliyindən Qarabağ məsələsi çıxarılıb. Fəxarətlə elanlar verdilər, məqalələr yazdılar. Bu yolla Qarabağ problemini, insanların qarşılıqlı hörmət və anlaşma şəraitində öz probleminə yanaşmasını, həllində iştirakını tormozlamaqdan başqa nəyə nail oldular? Problemin həlli qarşılıqlı dialoqdan asılıdır. Lakin bütün bu münasibət göstərdi ki, bizim ölkədə tərəfdaş tapmaq çox çətindir.İyirmi ildir bu məsələnin həllini başqalarının ümidinə, öhdəsinə buraxmışıq, gəlin bir az da özümüz məşğul olaq. Bəs niyə həll olunmur? Heç həll olunmayacaq da! Sizin münasibətiniz anlaşılmazdır! Biz hər zaman Azərbaycan türklərinin yanında olmuşuq. İndi bu məsələnin həll olunmasında da sizin yanınızdayıq, həlli yollarını axtarırıq. Niyə xoşniyyətli təşəbbüslərimizi neqativ dəyərləndirirsiniz?

- Konfransdakı çıxışınızda Qarabağla əməkdaşlıqdan məmnun olmanızı bildirməniz və ermənilərin çıxış etməsi fonunda Qarabağın azərbaycanlı əhalisinin təmsilçisinin orada olmaması təəssüf doğurdu. Niyə onlar dəvət edilməmişdi?

 - Kimi dəvət etmək tədbirin təşkilatçılarının səlahiyyətində olan bir işdir. Tədbirə bir avtobus boşboğazı göndərməkdənsə, Azərbaycan səfirliyi ağıllı, savadlı insanları niyə göndərmirdi və nəyə görə dialoqun qurulmasına şərait yaratmırdı? Kim iştirak etmək istədi ki, iştirakına maneə yaradıldı?

- Mən iştirak etmək istəyirdim, qeydiyyatdan da keçmişdim, lakin sənədlərim düzəlmədi və gələ bilmədim.

 - Siz jurnalistsiniz. Bir fərdsiniz. Biz bunu Azərbaycanı təmsil etmək iddiasında olan cənablardan- sözdə demokratik təşkilatlardan, diaspora qurumlarından, Azərbaycanın iqtidarından və müxalifətindən gözləyirdik! Kim müraciət etdi ki,biz şərait yaratmadıq? Bir neçə ay bundan öncə İsa Qəmbər Belçikaya gəldiyində ona Hollandiya təmsilçisi müraciət edib, demişdi ki, sizi Hollandiyaya aparaq, Haaqaya və Əlikram Hümbətovla görüşünüzü təşkil edək. Dialoq qurulmasında və Azərbaycanın problemlərinin həll edilməsində, bəzi taleyüklü məsələlərə aydınlıq gətirilməsində yardımçı olmaqda maraqlıyıq. Onun Hollandiya təmsilçisi təklifi verənin üstünə hücum çəkmişdi ki, Ələkrəm separatçıdır və İsa Qəmbər onunla görüşə bilməz. Bu nə dərəcədə ağıllı münasibətdir? Həmin nümayəndə İsa Qəmbərə Hollandiyalı nümayəndənin yaxınlaşmasına da imkan verməyib, lakin İsa bəy bunu müşahidə etsə də heç bir reaksiya verməyib.

- Bir məqam oxucularda sual yaradacaq ki, niyə görə İsa bəy sizinlə görüşə gəlməli idi, sizin yaşadığınız yerə? Keçən il seçki öncəsi Belçikada keçirilən Azərbaycanla bağlı dinləmələrdə İsa Qəmbər də iştirak etdiyində, bilirəm ki, siz də dəvətli idiniz. Özünüz oraya niyə gəlməmişdiniz?

 - Mənə dəvət gəlmişdi. Öncə çıxış üçün söz veriləcəyi söylənsə də, sonradan məktub gəldi ki, sizə söz verilməyəcək. Mən də cavab yazdım ki, o zaman gəlməmə heç bir səbəb qalmadı. Bu İsa Qəmbərə bizim tərəfimizdən edilən təklif idi, o da fərqli təklif edə bilərdi. Təklif verəydi ki, ora getmirəm, gəlin filan yerə görüşüb, söhbət edək. Niyə bunu etmədilər? Əksinə, Musavat Partiyasının nümayəndəsi Hollandiyada mənə qarşı kampaniya aparır, Ələkrəmlə münasibət yaradanlara "ictimai qinaq" görüntüsü yaradır. Bu nə hərəkətdir?

-Yeri gəlmişkən, Hollandiyada yaşayan soydaşlarımız danışdı ki, bir neçə il öncə musavatçı sizi Hollandiyadakı Xocalı soyqırımı abidəsinin yanından uzaqlaşdırıb. Bir daha oraya gəlməmənizi istəyib. Bu, nə dərəcədə doğrudur?

 - Abidə oraya qoyulandan hər cümə axşamı oraya getmişəm. Gül əkmişəm, təmizlik işləri aparmışam. Bir ara səhhətimlə bağlı problemlərdən getmək imkanım olmayıb, amma yenə də getməkdə davam edəcəyəm! Təhdidlərsə dəfələrlə olub. Tədbirlərində isə qabaqcadan xəbər göndəriblər ki, gəlməyim və iştirak etməyim. Mən də çox vaxt getməmışəm. Mənə səfirlik, diaspora səviyyəsində xəbər göndəriblər ki, onların toplaşdığı tədbirə getməyim, mən də hər il fevralın 26-sı getmişəm o abidəni ziyarət etmişəm, dualarımı oxumuşam, ehtiramımı bildirmişəm. Onlar mənim şəhidlərimdir. Mən döyüşmüşəm. Mən Xocalının ağır günlərini yaşamışam. Onlarla sohbət eləmişəm, yanaşı olmuşam”¦

Ardı var...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin