“Deyirlər ki, xeyr, sən Malıbəyli kəndinin qeydiyyatındasan, ona görə də nə vaxt Malıbəyli bizim dövlətimizin nəzarətinə keçib orada kənd sakinləri üçün ev tikilsə, oradan sənə də ev verilər. Malıbəylidə isə, bilirsiz ki, 44 günlük savaşdan sonra Şuşa və Hadrutdan köçmüş ermənilər üçün binalar tikirlər...”
“1992-ci ilin, səhv etmirəmsə, fevral ayında, Malıbəyli, Quşçular kəndləri sakinlərinin erməni terrorçularının mühasirəsindən çıxmasında bir tabor komandiri kimi göstərdiyim xidmətlərə görə mükafat olaraq Şuşa rayonu İcra Hakimiyyətinin sabiq başçısı Nizami Bəhmənov və Şuşa şəhər sovetinin sədri Vaqif Hüseynov Şuşada keçmiş “26-lar” küçəsinin arxa tərəfində yenicə tikilmiş 9 mərtəbə binada mənə üçotaqlı ev və 10 min rubl pul verdilər”.

Bunu Moderator.az-a açıqlamasında tanımış Qarabağ qazisi, polkovnik Azay Kərimov söyləyib.
“Şuşada mənə bir döyüşçü komandir kimi mükafat olaraq verilmiş evin mənim adıma orderi-filanı, hər bir sənədi var idi. Nizami Bəhmənov dünyasını dəyişib. Allah rəhmət eləsin! Ancaq Vaqif Hüseynov həyatdadır, o, eləcə də digər şuşalılar və hərbçi yoldaşlarım bunu təsdiqləyə bilər. Təəssüf ki, evimin sənədləri Şuşanın işğalı zamanı orada qalıb. O günlər digər əsl hərbçi və könüllü döyüşçülər kimi, mənim də əsas məqsədim Şuşanın müdafiəsi üçün mümkün olanı etməkdə idi. Sənəd-filan götürmək qətiyyən yada düşmürdü. Hələ heç döyüşlərdən imkan tapıb o evdə bir dəfə rahat oturub çay içə bilməmişdim. Çünki mən o vaxt subay bir hərbçi idim və ermənilərlə döyüşməkdən evdə qalmağa imkan, vaxt da yox idi; əsgərlərlə birlikdə 777 saylı hərbi hissənin Şuşadakı 3 saylı internat məktəbində qurulmuş kazarmalarında qalırdım. Ancaq evin içində əşyalarım, pal-paltarım var idi. Və dediyim kimi, evin bütün sənədləri verilsə də, döyüşlər vaxtı olduğundan rəsmi qeydiyyata düşməyə macal tapmamışdım. Bu günlərdə bu haqda Şuşa rayon İcra Hakimiyyətinə müraciət etdim ki, məni rayon mərkəzinə qeydiyyata alıb Şuşaya köçməyimə şərait yaratsınlar. Cavab verdilər ki, xeyr, sən Malıbəyli kəndinin qeydiyyatındasan, ona görə də nə vaxt Malıbəyli bizim dövlətimizin nəzarətinə keçib orada kənd sakinləri üçün ev tikilsə, oradan sənə də ev verilər, gedib yaşayarsan. Malıbəyli kəndi də bilirsiz ki, hal-hazırda hələ Rusiya “sülhməramlı” hərbi kontingentinin nəzarətində və faktiki separatçı erməni rejiminin əlindədir. 30 ildən çox işğal dövründə Malıbəyli, demək olar ki, Xankəndinə bitişib və oranın adını “Stepanakert”in “Açapnyak” məhəlləsi qoyub 2021-ci ilin yazından kəndimizin ərazisində 44 günlük savaşdan sonra Şuşa və Hadrutdan köçmüş ermənilər üçün binalar tikirlər. Odur ki, hələ Allah bilir, bundan sonra neçə illər gözləməliyəm ki, Malıbəylidə ev tiksinlər və oraya köçəm... Buna görə də mən cənab Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət edirəm ki, I Qarabağ savaşındakı xidmətlərimi, eləcə də uzun illər zabit kimi Azərbaycan ordusunda qulluq etməyimi nəzərə alıb mənim Şuşa şəhərində qeydiyyata alınmağım və oraya köçürülməyimə şərait yaradılması üçün müvafiq qurumlara lazımi göstəriş versin”-deyə döyüşçü polkovnik bildirib.
Qeyd:
Şuşa Rayon İcra Hakimiyyəti və digər müvafiq qurumların Qarabağ qazisinin göstərdiyi problemi ilə bağlı mövqeyini təqdim etməyə hazırıq.
Sultan Laçın




































































































