“Məni çox qınadılar, yazdılar ki, Nəsimidən, Babəkdən sonra gərək belə rol oynamazdın”

Hazırda oxunan: “Məni çox qınadılar, yazdılar ki, Nəsimidən, Babəkdən sonra gərək belə rol oynamazdın”

623621
“Rasim Ocaqov dedi ki, Rasim, bizi həmişə mələk simalı insanlar aldadır”
 
 
“Çox nadir hallarda televiziya verilişlərinə qatılıram. Bu günlərdə İctimai televiziyada baş tutan “Ötən günlər” verilişində mənə həsr olunan buraxılış efirə getdi. Çox gözəl, səviyyəli veriliş alınmışdı. O vaxt öyrəşmişdik, yeni filmlərin premyeralarında iştirak edirdik, filmlərin çəkilişi zamanı bizdən müsahibə alırdılar. Söhbətə bir səbəb olurdu. Bu gün o prossesləri görmürəm. Bəzən televiziyada heyvanat aləminə, futbola baxıram. Mənim səviyyəmə uyğun çox az veriliş var”.
 
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib.
 
 
Sənətkar ermənilərin dünənki təxribatından da danışıb.
 
 
“Ötən gün təxribat nəticəsində dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İnanıram ki, ordumuz bu təxribata layiqli cavab verəcək. Ermənilər tarixən məkrli siyasət yürüdüblər. İrandan özləri üçün silah daşıyırlar. İlanın başını əzməsək, onunla bacarmaq olmaz. 2-ci Qarabağ müharibəsində ilanın başı əziləcəkdi, ruslar qoymadı. Zamana ehtiyac var, hər şey zamanla öz yerini tutacaq. Mən bir adama, millətə qarğış etmək istəsəm, deyirəm ki, “sənin erməni kimi qonşun olsun”. Ermənilər hələ də böyük Ermənistan xülyası ilə yaşayırlar. Həmişə deyirəm ki, onları alimləri bədbəxt etdi”.
 
Sənətkar yaradıcılıq fəaliyyətindən də söz açıb.
 
 
“Rejissorla hər zaman sənət mübahisələrim, müzakirələrim olub. Bir neçəsi deyib ki, mən belə görürəm. Mən də onun istədiyini etmişəm. Bəzən də öz dediyimdən dönməmişəm. Çünki dəqiq bilmişəm ki, bu obrazı yalnız belə oynamaq olar. Məni Nəsimi, Babək etdilər. Hətta vaxtilə tragikomik, komik obrazlar da istəmişəm. Görünür, heç kimi inandıra bilməmişəm ki, mən komik rol da oynaya bilərəm. Bir dəfə Eldar Quliyev məni komik obrazda çəkmişdi, o da tam o deyildi. Haqqımda elə fikir formalaşdırmışdılar ki, ancaq ciddi rollar oynayır. Mən istədiyim vaxtlarda da ümumiyyətlə filmlər çəkilmədi. Bir müddət o zəncir qırıldı. İndi o zənciri tapıb, birləşdirməliyik. Bu gün hər şey tək məndən asılı deyil, yaxşı rejissor olmalıdır, senari yazılmalıdır. Bəzən də oxuyub görmüşəm ki, bu mənlik deyil. Elə rollarım da olub ki, insanlar məni çox qınayıblar. Məsələn, bu filmlərdən biri də “Həm ziyarət, həm ticarət” filmindəki Davud obrazı idi. Yazdılar ki, Babəkdən, Nəsimidən sonra gərək belə rol oynamazdın. Dedim ki, “mən Babək deyiləm, mən aktyoram”. Rasim Ocaqov mənə bu obrazı elə-belədən verməmişdi. O mənə bu obrazı verəndə dedi ki, “Rasim, həmişə bizi mələk simalı insanlar aldadır”. Davud da mələk simalı, səliqəli geyimli bir insan idi. Davud obrazını oynadığıma görə heç peşman da deyiləm. Mən xarakterik aktyoram, ampluasız oynayıram” deyə sənətkar bildirib.
 
1054641
1054643
 
1054644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin