"Ukraynaya döyüş tankları verilməsi də əvvəlcə mübahisə doğuran məsələ olub, sonucda konsensus əldə edilib və "qırmızı xətt" keçilib..."
"Münaqişə başlanandan Kiyev Ukrayna səmasının Rusiya raketlərindən qorumaq üçün təyyarələr verilməsini xahiş edir və bu məsələdə də konsensusa nail olunacaq..."
Avropa İttifaqının baş diplomatı nikbin bəyanatla çıxış edib...
Ukraynaya Qərb qırıcılarının tədarükünə "yaşıl işıq" yanacaq. Qərbin bir sıra ölkələrinin təmkinli mövqeyinə rəğmən, Ukraynaya qırıcıların verilməsinə bel bağlamaq olar.
Moderator.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel bəyan edib. Məlumatı Almaniyanın "Deutsche Welle" nəşri yayıb.
O, qeyd edib ki, Ukraynaya qırıcıların tədarükü məsələsində konsensus əldə edilməsi üzərində işləyir.
O, deyib ki, əvvəlcə Ukrayna dövlətinə döyüş tanklarının verilməsi də mübahisə doğuran məsələ olub, lakin sonucda bu məsələdə konsensus əldə edilib və "qırmızı xətt" keçilib.
Eyni zamanda, Avropanın baş diplomatı onun özünün Ukraynaya qırıcıların tədarükünü dəstəkləməsi barədə suala cavab verməyib.
"Mənim vəzifəm konsensusun əldə edilməsindən ibarətdir", - o, bəyan edib və əlavə edib ki, belə vəziyyətdə hər hansı mövqe sərgiləməyə dəyməz.
Qərb ölkələrinin Ukraynaya hərbi yardımı: nələri bilmək lazımdır
Rusiyanın tammiqyaslı hərbi müdaxiləsinin başlandığı gündən Kiyev Qərb tərəfdaşlarından Ukrayna səmasını Rusiya raketlərindən qorunmağa kömək edən təyyarələri tədarük etməyi xahiş edir.
Almaniya kansleri Olaf Şolts Ukraynaya qırıcıların verilməsinin əleyhinə çıxır. Bundan başqa, ABŞ prezidenti Co Bayden Ukraynaya Amerikanın "F-16" qırıcılarının verilməsinin əleyhinə çıxır. Qərb KİV-lərinin məlumatına görə, ABŞ rəhbərinin mövqeyi Pentaqon tərəfindən skeptik qəbul edilib.
Polşanın baş naziri Mateuş Moravetski deyib ki, onun ölkəsi Amerika hakimiyyətinin "yaşıl işıq" yandıracağı təqdirdə Ukraynaya "F-16" qırıcılarını verməyə hazırdır.
































































































