Tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun Cümhuriyyətin 100 illiyi münasibətilə ərsəyə gətirəcəyi “Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin 30 məktubu” kitabındakı maraqlı faktlardan biri də Rəsulzadənin bilinməyən bir şeirinin təqdimatıdır.
Moderator.az xəbər verir ki, müəllif həmin şeirin Süleyman Təkinər tərəfindən qorunub saxlanılıb:
"S.Təkinərin sayəsində M.Rəsulzadənin yazdığı bir şeir də günümüzə gəlib çatıb.
Həmin şeirin neçənci ildə yazıldığı məlum deyil, lakin S.Təkinər onu M.Rəsulzadənin dilindən eşidib kağıza köçürmüş və qoruyub saxlamışdır. “Kommunistə ithaf” adlanan həmin şeirdə M.Rəsulzadə yazırdı:
Kommunist! Yurdumu buraxdın yetim,
Sanma ki, bununla ölən igidim.
Sənə baş əyməyən nasionalistim,
İstiqlalımın ilk qurbanı mən!
Səndə oraq varsa, mənim ayım var,
Oğuzdan aldığım altun ayım var,
Millət deyilən bir sarayım var,
Yaşıl diyarın göy pasibanı mən!
Əyilməz xalqımın milli bayrağı,
Gavurda qalamaz türkün toprağı,
Saçına dəyəməz rusun darağı,
Azəri qızının cananı mən!"
MODERATOR.AZ
































































































