Közlə belə oynama
Qoca dünya nalsız çapan kor atdı,
Rahat sanıb, düzlə belə oynama,
Hər sevənə bərə qurdu, tor atdı,
Kərəm yanan közlə belə oynama.
Gözəllərdə işvə olar, naz olar,
Ha çəkdirər, çəksən yenə, az olar,
Yıxsa səni, kaman qaşlı göz olar,
Kirpik çalan gözlə belə oynama.
Xəyal çəkən zirvə gözəl, kəl gözəl,
Haqqa doğru qucaq açan, əl gözəl,
Dilləndisə, düzü deyən dil gözəl,
Dürcü dəhan, sözlə belə oynama.
Çox aşiqi bəmnən zilə, dinlədib,
Çox ürəyi dağ-dağ edib, inlədib,
Yığıb qəmi, dən-dən edib, çinlədib,
Nalə çəkən sazla belə oynama.
Yoxuşları pillə-pillə qalxsana,
Enişində dönüb geri baxsana,
Az gurlayıb, çaylar kimi axsana,
Qış soraqlı, yazla belə oynama.
Doğanaqdır, örkən gəlib bənd olar,xa0
Boğanaqdır, duman, tüstü, çən dolar,
Dəyirmandı, tozu tutan dən dolar,
Gözə dolan tozla belə oynama.
Əzəl gündən başda duran baş idin,
Aləm üzük, sənsə ona qaş idin,
Gör özünü hardan hara daşıdın,
Kölgən düşən izlə belə oynama.

Nurəddin İsmayıl







































































































