Saakaşvilidən iddialı açıqlama: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”

Hazırda oxunan: Saakaşvilidən iddialı açıqlama: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”

646736

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili ABŞ-ın siyasi sistemində böhran yaşandığını bildirib və qızı Alisanın gələcəkdə ABŞ prezidenti ola biləcəyini istisna etməyib.

Bizim.Media xəbər verir ki, Saakaşvili Facebook səhifəsində geniş paylaşım edərək ABŞ-ın indiki siyasi elitasını karyerasının ilk illərində tanıdığı amerikalı qanunvericilər nəsli ilə müqayisə edib.

Onun fikrincə, amerikalı siyasətçilər getdikcə şəxsi maraqlarını və partiya mənafelərini azadlıq və demokratiya ideallarından üstün tuturlar.

Saakaşvili hesab edir ki, ABŞ tədricən dünyada demokratik dəyərlərin müdafiəçisi rolundan uzaqlaşır və Gürcüstan da daxil olmaqla, kiçik dövlətlərə marağını itirir.

Saakaşvili 30 ildən çox əvvəl Kolumbiya Universitetində təhsil almaq üçün ABŞ-a gəldiyini, daha sonra isə Konqresdə təcrübə keçdiyini xatırladıb. Orada gələcək Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və yaxın dostu adlandırdığı senator Con Makkeynlə tanış olub.

Onun sözlərinə görə, Makkeyn gənc xarici təcrübəçiyə xüsusi diqqət göstərir, hərbi xidmətindən danışır və onu qanun layihələri üzərində işə cəlb edirdi.

Gürcüstanın sabiq prezidenti senatorlar Edvard Kennedi, Cozef Liberman və digər amerikalı siyasətçilərlə görüşlərindən də bəhs edib. Onun qiymətləndirməsinə görə, həmin siyasətçilər ilk növbədə prinsiplərinə və əqidələrinə əsaslanırdılar.

Saakaşvili “Qızılgül inqilabı”ndan sonra ABŞ Konqresinin Gürcüstana fəal dəstək verdiyini, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra isə amerikalı qanunvericilərin ölkəyə 1 milyard dollar yardım ayrılmasını təsdiqlədiyini xatırladıb.

O, prinsipial mövqeyə nümunə kimi 2010-cu ildə baş vermiş hadisəni göstərib. Həmin vaxt Gürcüstan hakimiyyəti dövlət büdcəsindən saxta sənədlər vasitəsilə 130 milyon dollar mənimsəməyə cəhddə şübhəli bilinən iki iş adamını saxlayıb. Saakaşvilinin sözlərinə görə, saxlanılanların azad edilməsi üçün Tbilisiyə təzyiq göstərilsə də, senator Cozef Liberman İsrailin nüfuzlu nümayəndələrinin və yəhudi lobbisinin müraciətlərinə baxmayaraq, qanunsuz qərarın qəbul edilməsinə nail olmaqdan imtina edib.

“Bu, prinsipləri istənilən lobbiçilikdən, dini mənsubiyyətdən və maliyyələşmədən üstün tutan, həqiqətən də ləyaqətli senatorun mövqeyi idi”, – Saakaşvili yazıb.

O, ABŞ-da hazırkı vəziyyəti xeyli bədbin qiymətləndirib. Sabiq prezidentin sözlərinə görə, Amerika siyasətində artıq Ronald Reyqan nəslindən olan respublikaçılar və Kennedi ailəsini təmsil edən demokratlar demək olar ki, qalmayıb. Partiyaya sədaqət və maliyyə maraqları isə getdikcə xarici siyasət prinsiplərindən üstün tutulur.

Saakaşvili yeni amerikalı qanunvericiləri də tənqid edib. O qeyd edib ki, siyasətçilərin mənşəyi, dini və ya cinsi orientasiyası özlüyündə problem deyil. Onun fikrincə, əsas məsələ onların hansı dəyərlərə söykənməsi və yalnız öz seçicilərinin maraqlarından kənara çıxan mənafeləri müdafiə etməyə hazır olub-olmamasıdır.

Sabiq prezident paylaşımının sonunda ABŞ vətəndaşı olan, siyasət və ədalət məsələləri ilə maraqlanan qızı Alisaya ümid bəslədiyini bildirib.

“Onu senator olmağa hazırlayıram, kim bilir, bəlkə də prezidentliyə. Alice Saakashvili For President!” – deyə Saakaşvili yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin