"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur".
Bizim.Media xəbər verir ki, bunu Lenta.ru-ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib.
O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb.
Mütəxəssisin sözlərinə görə, qurudulmuş meyvələrin tərkibi maqnezium, kalium, sellüloza və digər faydalı elementlərlə zəngin olsa da, onları şirniyyatların əvəzinə məhdudiyyətsiz şəkildə qəbul etmək olmaz.
Kaşux qeyd edib ki, təzə giləmeyvə və meyvələrin həcminin mühüm hissəsi sudan ibarətdir, buna görə də onlar qan şəkərinin qəfil artmasına gətirib çıxarmır. Bununla belə, qurutma prosesində su tamamilə buxarlandığı üçün həmin məhsullar təbii şəkərin yüksək konsentrasiyalı mənbəyinə çevrilir.
"Qurudulmuş məhsullarda nəm nisbəti təzə meyvələrə nisbətən xeyli aşağıdır. Şəkər və kalori kiçik həcmdə toplandığına görə onlardan normadan artıq istifadə etmək riski yüksəkdir. Xüsusən də bu məhsulları birbaşa paketdən yedikdə və ya kəsmik, sıyıq, un məmulatları kimi təamlara qatdıqda gündəlik kalori həddini keçmək çox asandır. İstər ayrıca, istərsə də yeməklərlə birlikdə onları yalnız norma daxilində, cəmi bir neçə dənə qəbul etmək məsləhətdir", - deyə mütəxəssis xəbərdarlıq edib.
Eyni zamanda, həkim qeyd edib ki, şəkər və sellülozanın yüksək miqdarı mədədə şişkinlik, qaz yaranması, qurultu və bağırsaqların yumşalmasına səbəb ola bilər.
Qastroenteroloq onu da əlavə edib ki, bu cür məhsulların, xüsusən də gavalı qurusunun tərkibində işlədici xüsusiyyətə malik sorbitol maddəsi var. (Oxu.az)
Bizim.Media


































































































