Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var

Hazırda oxunan: Üç imperiyanı tək sözlə birləşdirən Azərbaycan rayonu – Buradakı nadir dağdan cəmi iki ölkədə var

634611

Bəzi yerlərin tarixini sadəcə oxumaqla  anlamaq olmur. Onların keçmişini bilmək üçün adlarının izinə düşmək, qədim yollarını, qalalarını, tayfalarını, hökmdarlarını ardıcıl olaraq izləmək lazımdır. Qazax da belə yerlərdəndir.

Azərbaycanın qərbində, tarix boyu böyük imperiyaların  maraqlarının toqquşduğu bir məkanda yerləşən Qazax əsrlər boyunca yalnız yaşayış məntəqəsi olmayıb. O, gah sultanlıq, gah qəza, gah da şəhər kimi fərqli siyasi quruluşların içində öz mövcudluğunu qoruyub. Səfəvi, Osmanlı, Rusiya imperiyaları arasındakı siyasi mübarizələrin təsir dairəsində qalan bu torpaq, Qafqazın ən həssas nöqtələrindən birinə çevrilib.

Getdikcə kiçilən sultanlıq

Qazax 1909-cu ildən şəhər statusu alıb, hazırda isə rayon mərkəzidir. Ümumilikdə isə ərazinin 8 min illik tarixi var: bunu Damcılı, Babadərviş mağaralarında tədqiqatlar aparan yapon tarixçiləri isbatlayıb. Qazax haqqında ilk rəsmi məlumat isə VII əsrdə ərəb tarixçisi Əl Kufi tərəfindən "Kasak"  olaraq verilib.  

XV əsrin sonlarında Qazax sultanlığı yaradılıb. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi. Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Osmanlı sultanı III Əhmədin (1703-1730) dövründə qazaxlılar osmanlıların tərəfinə keçdiyinə görə səfəvilər yenidən Qazaxı geri alarkən rəhbərliyə İran əsilli Sübhanverdi adlı sərkərdə təyin edildi.

1736-cı ildə Nadir şah özünü şah elan etdikdə Qarabağ bəylərbəyi Uğurlu xan Ziyad oğlu onun hakimiyyətinə etirazını bildirdi. Bu səbəbdən Nadir şah taxta əyləşdikdən sonra Qazağı Kaxetiya çarlığına verdi. 1801-ci ildən isə Qazax sultanlığı Qərbi Gürcüstanın təkibində Rusiyaya birləşdirildi. 1819-cu ildə sultanlıq ləğv edilib, Qazax qəzası adlanıb. Nəhayət Sovet dövründə kiçilərək 1930-cu ildə  rayon olaraq saxlanılıb.

Təbiətin ən nadir hadisəsindən biri Qazaxdadır

Qazaxın özünəməxsus təbiəti var: dağları, çayları ilə ad qazanıb. Amma bunların içərisindəki məşhur Göyəzən dağının coğrafi quruluşu onu dünyanın iki nadir hadisəsindən biri edib. Təbaşir dövründə püskürmüş vulkan sanki havadaca donub qalıb, düzənliyə basdırılmış möhtəşəm sütuna bənzəyir. Geoloji  xüsusiyyətinə görə Mount-Pele dağından (Vest-hind adalarından biri olan Martinika adasında) sonra dünyada ikinci dağ sayılır. Ətəyində qədim yaşayış yerinin, yeddibürclü qalanın qalıqları var. Göyəzən dağının adı IX əsrə aid gürcü mənbəyində Kavazin olaraq qeydə alınıb.

Çoxlarını maraqlandıran sual: “Qazax” sözü orta Asiyanın ən böyük dövləti olan Qazaxıstanla və Qafqazın atamanları kazaklarla əlaqəlidirmi?

Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir, lakin qıpçaqlar bu zonaya sonradan gəlib. XI-XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi ucun Şərqi Gürcüstan XI-XIII-cu əsr gürcü mənbələrində Didi Turkoba (Böyük türk obası) adlanırdı. Görünür, həmin qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar.

Ümumiyyətlə isə “qazaq” (əslində “gəzək”) sözü bütün türk dillərində mövcuddur. Etnonimdən yaranan bu söz: “gəzən, köçəri, sərgərdan, azad insan” mənasındadır. Heç kəsə məhəl qoymamaqla öz kefinə yaşayan insanlar adətən güclü, özgüvənli olduğu üçün yaxşı da döyüşçü olurdular. İlk olaraq tarixdə tatarlar onları süvari kimi ordusuna qatıb, daha sonra isə atamanları ilə ad çıxardığını görəndə ruslar da Qafqazda ən güclü kazak dəstələri yaradıblar.  

Bir sözlə, bu iki etnosla ortaq kök var, amma tam olaraq da “eynidirlər” demək olmaz.

Daha bir varianta görə isə "qazax" sözü kaspi və sak kimi iki qədim tayfanın adlarının birləşməsindən əmələ gəlib.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin