Serbiya ərazisindən keçən Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb. Bu isə meşə yanğınlarının söndürülməsini çətinləşdirir.
Bizim.Media xəbər verir ki, bunu Serbiyanın Baş nazirinin müavini, daxili işlər naziri İvitsa Daçiç bildirib.
“Biz Dunay-Tisa-Dunay kanalındayıq. Bildiyiniz kimi, tarixi hadisə ilə üz-üzəyik - Dunayda son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb. Yanğınların söndürülməsi üçün isə su lazımdır”, - deyə İ.Daçiç qeyd edib.
Serbiyanın daxili işlər naziri bildirib ki, hazırda ölkədə 32 yanğın ocağı lokallaşdırılıb. Bununla belə, respublikanın şimal-şərqində yerləşən Deliblat qumlarının qoruq ərazisində mürəkkəb relyef yanğınlarla mübarizəni çətinləşdirir. Yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub. Qoruğun ərazisində Serbiya ordusunun hərbçiləri, həmçinin Niş şəhərindəki Rusiya-Serbiya Humanitar Mərkəzinin mütəxəssisləri fəaliyyət göstərirlər.
Qeyd edək ki, Deliblat qumları ümumi sahəsi 380 kvadrat kilometrdən çox olan, çöl bitkiləri ilə örtülmüş qum təpələrindən ibarətdir. Ərazi Dunay çayının şimalında, muxtar Voyvodina vilayətində yerləşir. Əvvəllər qumluqlarda bitki örtüyü olmayıb. XVIII əsrin sonlarından həmin əraziyə nəzarət edən Avstriya hakimiyyəti burada kol və ağacların əkilməsinə başlayıb. 2002-ci ildə qoruq Serbiyanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün ilkin siyahısına salınıb.
Dunay və onun qollarında su səviyyəsinin aşağı düşməsinə Mərkəzi və Şərqi Avropa ölkələrində isti hava və yağıntıların olmaması nəticəsində yaranan quraqlığın səbəb olduğu bildirilir.
Bizim.Media

































































































