Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatı ABŞ-ı ölkədə diplomatik fəaliyyətini bərpa etməyə və Əfqanıstan iqtisadiyyatına investisiya yatırmağa çağırıb.
Bizim.Media xəbər verir ki, Əfqanıstanın xarici işlər naziri Əmir Xan Müttəqi “The New York Times”a müsahibəsində bu barədə danışıb.
O bildirib ki, Vaşinqton Kabildəki səfirliyini yenidən aça, diplomatik nümayəndəliyini bərpa edə və faydalı qazıntıların hasilatı, bəndlərin və yolların tikintisi kimi layihələrə investisiya yatıra bilər.
“Biz hesab edirik ki, müharibə mərhələsi başa çatıb və bundan sonra qarşılıqlı hörmətə əsaslanan münasibətlər, eləcə də müsbət əməkdaşlığın yeni mərhələsini istəyirik”, – Müttəqi deyib.
Nazir vurğulayıb ki, Əfqanıstan hakimiyyəti ABŞ-ın ölkədə hərbi mövcudluğunun bərpa edilməsini istəmir.
Xatırladaq ki, ABŞ hərbçiləri 31 avqust 2021-ci ildə Əfqanıstandan tamamilə çıxarılıb. Bununla da ölkədəki 20 illik hərbi iştirak başa çatıb. ABŞ-ın Kabildəki səfirliyi isə Talibanın hücumu fonunda amerikalı diplomatların təxliyəsinə başlanıldığı 15 avqust 2021-ci ildə fəaliyyətini dayandırıb. ABŞ-ın diplomatik missiyası müvəqqəti olaraq Qətərin paytaxtı Dohaya köçürülüb.
Bizim.Media


































































































