“Tokio Putinə hansı bölgələrə səfər edəcəyinə göstəriş verə bilməz”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyanatında bildirib.
“Tokionun Prezident Vladimir Putinin Rusiyanın hansı bölgələrinə səfər edə biləcəyi ilə bağlı Moskvaya diktə etmək cəhdləri "tamamilə yolverilməzdir" – deyə o qeyd edib.
Zaxarova bunu Yaponiyanın Asiyadakı təcavüzkarlığına bəraət qazandırmağa yönəlmiş müharibədənsonrakı revizionizminin təzahürü kimi qiymətləndirib.
Qeyd edək ki, daha əvvəl Yaponiya XİN Putinin İturup adasına səfəri ilə əlaqədar Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdryovu çağırıb.
Yaponiyada Kuril adalarının cənub hissəsini "şimal əraziləri" adlandırırlar. Yaponiya dörd adaya iddia edir: Kunaşir, İturup, Şikotan və Habomai qrupu.
Rusiya hesab edir ki, bu adalar üzərində suverenlik ona təsbit edilib və mübahisələndirilə bilməz. Ölkələr arasında sülh müqaviləsi üzrə danışıqlar Tokionun tətbiq etdiyi anti-Rusiya sanksiyalarına cavab olaraq 2022-ci ildə Moskva tərəfindən dayandırılıb.

Bizim.Media
































































































