Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi (VAKS) Ukraynanın ABŞ-dakı keçmiş səfiri Olqa Stefanişina barəsində korrupsiya işi çərçivəsində 6 milyon qrivna məbləğində girov qətimkan tədbiri seçib.
Bizim.Media xəbər verir ki, Ukraynanın Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə keçmiş müavini Olqa Stefanişina Ali Antikorrupsiya Məhkəməsinin (VAKS) qərarına münasibət bildirib.
Stefanişina 6 milyon qrivna məbləğində girovu ödəmək üçün hazırda kifayət qədər vəsaiti olmadığını deyib.
"Mənim 6 milyonum yoxdur, amma girovu ödəmək üçün vəsait axtaracağam", – deyə o bildirib.
Stefanişina əlavə edib ki, gələcək fəaliyyət planları var və bu planlar dövlət qulluğu ilə bağlı deyil.
Xatırladaq ki, Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Ukraynanın ABŞ-dakı keçmiş səfiri Olqa Stefanişinaya qarşı yeni ittiham irəli sürmüşdü.
Mərkəzin məlumatına görə, söhbət qanunsuz varlanmadan gedir. Xüsusilə, Stefanişinanın tapşırığı ilə üçüncü şəxslər tərəfindən əmlakın əldə edilməsi faktlarının müəyyənləşdirildiyi bildirilir. O, iki mənzili, həmin daşınmaz əmlakın təmirinə xərclənən maliyyə vəsaitini və daha bir mənzilin icarə haqqını bəyan etməyib.
Həmçinin bildirilir ki, Stefanişina anasının müalicəsinə və aviabiletlərə xərclənən vəsaitləri də bəyan etməyib. Qeyd olunan xərclərin şübhəli şəxsin gəlirlərini və qənaət etdiyi vəsaitləri üstələdiyi vurğulanır. Hazırda məhkəmə onun barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxır.
Stefanişinanın işi üzrə prokuror qeyd edib ki, onun əldə etdiyi aktivlərin ümumi dəyəri 13,9 milyon qrivnanı (təxminən 528 780 manat) ötür.
Avqustun 3-də Ukrayna Prezidenti Volodimir Zelenski Stefanişinanın ABŞ-dakı səfir vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb. O, bu vəzifəni 2025-ci ilin avqustundan tuturdu. Stefanişina iyulun 12-də istefa ərizəsi vermişdi.
İyul ayında ona qarşı ağır nəticələrə səbəb olan hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb.
Xüsusilə, Stefanişina Avropa qanunvericiliyinin təhlili zamanı 2,5 milyon qrivnanı (təxminən 95 100 manat) mənimsəməkdə ittiham olunur.
Qeyd edək ki, bundan əvvəl KİV-də Stefanişinanın adı Ədliyyə Nazirliyində mümkün vəzifə səlahiyyətlərindən sui-istifadə və ailəsinin elit daşınmaz əmlakı bazar qiymətindən aşağı məbləğə əldə etməsi ilə bağlı araşdırmalarda hallanıb. Keçmiş baş nazirin müavini irəli sürülən ittihamları rədd edir.
Bizim.Media

































































































