Köhnə qitədə YENİ TENDENSİYA – Avropalılar da yaxşı maaş üçün ölkələrini tərk edirlər

Hazırda oxunan: Köhnə qitədə YENİ TENDENSİYA – Avropalılar da yaxşı maaş üçün ölkələrini tərk edirlər

624659

Avropada miqrasiya ilə bağlı yeni tendensiya diqqət çəkir. Belə ki, bəzi Avropa ölkələri yalnız xaricdən gələn miqrant axını ilə deyil, həm də öz vətəndaşlarının ölkəni tərk etməsi ilə üzləşir.

Avropa Statistika İdarəsinin (Eurostat) məlumatları əsasında hazırlanan araşdırmada 2024-cü ildə doğma ölkəsində yaşayan vətəndaşların miqrasiya balansı müqayisə olunub.
 

Ən çox vətəndaş itkisi yaşayan ölkələr arasında Lüksemburq, Belçika, İsveç, Estoniya və Rumıniya yer alıb. Böyük Avropa iqtisadiyyatlarından Almaniya, İtaliya və Niderland da mənfi miqrasiya balansı ilə qarşılaşıb.


Araşdırmaya görə, avropalıların ölkə dəyişməsinin əsas səbəbləri sırasında daha yüksək maaş, karyera imkanları, yaşayış şəraiti və mənzil qiymətləri dayanır.

Xüsusilə gənc və yüksək ixtisaslı mütəxəssislər daha yaxşı imkanlar üçün başqa ölkələrə üz tuturlar.

Mövzuyla bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib ki, bu tendensiya inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş, yüksək ödənişli iş yerləri olan ölkələrə miqrasiyanı özündə ehtiva edir:

“ABŞ, Kanada, Avstraliya və bu kimi inkişaf etmiş ölkələrə miqrasiya baş verir. Eyni zamanda, Avropa daxilində də miqrasiyanın həcmi böyüyür. Məsələn, hazırda Baltikyanı ölkələrdən Skandinaviya ölkələrinə, Şərqi Avropadan Qərbi Avropaya miqrasiya axını var. Bu da təbii bir prosesdir.

O ki, qaldı bu tendensiyanın Azərbaycana təsirinə...

Etiraf etməliyik ki, ölkəmizdə bu proses çoxdan başlayıb. Soydaşlarımız yüksək qazanc üçün illər boyu Rusiyaya, son illərdə isə Avropa dövlətlərinə miqrasiya edir. Nəzərə alaq ki, böyük bazarlarda işçi qüvvəsinə hər zaman ehtiyac var. Üstəlik, böyük bazarlarda dövriyyə də böyük olur. Yəni miqrasiya əsasən iqtisadi amillərlə bağlı olur.

Bunun başqa bir səbəbi də var.

Söhbət beyin axınından gedir. Bu gün həm ABŞ-a, həm də Çinə böyük “beyin axını” var. Bu da əsasən texnologiyanın inkişafı ilə baş verir. Azərbaycanda da bu tendensiya özünü göstərir. Son illərdə təhsil və iş üçün xaricə üz tutan gənclərin sayı kəskin artıb. Bununla yanaşı ölkəmizə də miqrasiya edənlər var. Bu təbii bir prosesdir. Təsadüfi deyil ki, digər ölkələr kimi Azərbaycanda da əmək miqrantları üçün hər il kvotalar müəyyən edilir. Ölkəmizə işləməyə gələnlərin sayı bu kvota əsasında müəyyən olunur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin