Malayziyada bir kişi gözlənilmədən vəfat edən nişanlısı ilə "ruh toyu" kimi tanınan simvolik nikah mərasimi keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Mothership nəşri məlumat yayıb.
Məlumata görə, ölkəsində SaKira So adı ilə tanınan bloqçu və nişanlısı Con noyabr ayında evlənməyi planlaşdırırdılar. Lakin SaKira So iyunun 23-də qəfil vəfat edib.
İyunun 28-də, dəfn mərasiminin son günündə Con mərhum nişanlısının xatirəsinə "ruh toyu" adlandırılan simvolik mərasim təşkil edib.
Mərasim zamanı bəy şarlar və çiçəklərlə bəzədilmiş cığırla tabuta yaxınlaşıb. Yolun sonunda isə gəlinin həyat ölçüsündə hazırlanmış fiquru yerləşdirilib. Tədbirdə cütlüyün birlikdə çəkilmiş foto və videoları böyük ekranda nümayiş etdirilib.
Daha sonra Con mərhum nişanlısının barmağına üzük taxaraq onunla simvolik nikah mərasimini tamamlayıb. Mərasim zamanı o, göz yaşlarını saxlaya bilməyib.
"Ruh toyu"ndan sonra qonaqların iştirakı ilə ənənəvi çay mərasimi keçirilib, həmçinin bəy toy tortunu kəsib.
Con daha sonra SaKira Sonun sosial şəbəkə hesabında bunları yazıb:
"Növbəti həyatda səni mütləq yenidən tapacağam və əbədi olaraq səninlə qalacağam." (ajans.az)
Bizim.Media































































































