Britaniya hərbi bazalarında Çin istehsalı elektromobillərlə bağlı təhlükəsizlik tədbirləri sərtləşdirilib.
Bizim.Media xəbər verir ki, Britaniyanın Xüsusi Qayıq Xidməti (SBS) Dorset qraflığının Pul şəhərində yerləşən bazasında Çin istehsalı elektromobillərin istifadəsini qadağan edib.
Qərar bu avtomobillərin üzərindəki kamera və sensor sistemlərinin hərbi obyektlər barədə məlumat toplayaraq üçüncü tərəflərə ötürülə biləcəyi ilə bağlı təhlükəsizlik narahatlıqları fonunda qəbul olunub.
The Telegraph qəzetinin məlumatına görə, ötən il Çin istehsalı olan Volvo elektromobili idarə edən hərbçinin SBS bazasına daxil olmasına icazə verilməyib. Mənbələr bildirirlər ki, oxşar məhdudiyyətlər Britaniyanın daha bir neçə hərbi bazasında da tətbiq olunur.
Mütəxəssislərin sözlərinə görə, müasir elektromobillərdə yüksək keyfiyyətli kameralar, radarlar, ultrasəs sensorları və lidar sistemləri quraşdırılıb.
Bu avadanlıqlar ətraf mühiti xəritələşdirə, yol nişanlarını, zolaqları və digər obyektləri qeydə ala bilir. Təhlükəsizlik ekspertləri hesab edirlər ki, bu məlumatlardan hərbi obyektlər barədə kəşfiyyat məlumatlarının toplanması üçün istifadə oluna bilər.
Pekin bu ittihamları rədd edir. Çin şirkətinə məxsus Volvo isə açıqlamasında istifadəçi məlumatlarının qanunvericiliyə uyğun emal edildiyini və heç bir xarici dövlət qurumuna ötürülmədiyini bildirib. (Musavat.com)
Bizim.Media




































































































