Rusiyada yanacaq bazarındakı vəziyyət və qiymət artımı əhalini qeyri-adi qərarlar qəbul etməyə vadar edir. Son dövrlər ölkədə minik vasitəsi kimi atlara olan tələbatın və onların satışının kəskin artması müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bir çox kənd yerlərində at saxlamağın UAZ və ya "Niva" kimi yolsuzluq avtomobillərini yanacaqla təmin etməkdən daha ucuz başa gəldiyi bildirilir.
Bəzi damazlıq təsərrüfatlarında cəmi bir ay ərzində yeddi-səkkiz at satılıb və ya bron edilib.
Müqayisə üçün qeyd edək ki, əvvəllər bir atın öz alıcısını tapması üçün iki-üç ay vaxt lazım olurdu.
Hazırda atların qiyməti cinsindən, yaşından və təlim səviyyəsindən asılı olaraq 100 min rubldan 200 min rubladək dəyişir. Heyvanın saxlanılması isə sahibinə aylıq on minlərlə rubla başa gəlir.
Görünür, müasir dövrdə yanacaq böhranı vətəndaşları köhnə nəqliyyat üsullarına qayıtmağa məcbur edir.

Bizim.Media



































































































