Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ABŞ-ın 250 illik yubileyi münasibətilə "Daily Mail" qəzetində dərc olunan məqaləsində maraqlı tezislərlə çıxış edib. O, Birləşmiş Ştatları "ən böyük Britaniya layihəsi" adlandıraraq, ölkənin hələ uzun müddət dünya lideri kimi qalacağını vurğulayıb.
Bizim.Media xəbər verir ki, Conson hesab edir ki, ABŞ-ın müstəqilliyi yerli Amerika siyasi təfəkkürünün məhsulu deyil, XVIII əsr Britaniya maarifçiliyinin (Locke, Burke və s.) birbaşa davamıdır.
O, ABŞ-ın qurucu atalarının (Cefferson, Franklin) özlərini Britaniya təbəələri saydıqlarını və mübarizələrini ingilis azadlıqlarının – qanunun aliliyi, nümayəndəli idarəetmə və andlılar məhkəməsinin müdafiəsi üçün apardıqlarını xatırladıb.
Consonun fikrincə, ABŞ-ın əsasını qoyan Britaniya idealları bu gün də ölkənin uğurunun təminatçısıdır.
O, Çinin yaxın 100 il ərzində ABŞ-ı üstələyə bilməyəcəyini, Amerikanın isə iqtisadi gücü, hərbi qüdrəti və istedadlılara açıq olması sayəsində hələ uzun müddət dünya siyasətində dominantlıq edəcəyini proqnozlaşdırıb.
Keçmiş Baş nazir Çinin sürətlə qocalan əhalisinə qarşı ABŞ-ın demoqrafik artımını onun əsas üstünlüklərindən biri kimi qeyd edib.
Boris Conson məqaləsini ABŞ-ı "Britaniyanın dünyaya bəxş etdiyi ən görkəmli nailiyyət" adlandıraraq və "Beləliklə, ad günün mübarək, ABŞ – ilkin Britaniya ideyasından!" sözləri ilə yekunlaşdırıb.

Bizim.Media

































































































