Nəm salfetlər bu ölkədən yığışdırılır — Səbəb

Hazırda oxunan: Nəm salfetlər bu ölkədən yığışdırılır — Səbəb

623008

Böyük Britaniyada tərkibində plastik liflər olan birdəfəlik yaş salfetlərin satışı qadağan edilir.

Bizim.Media xəbər verir ki, Britaniya hökuməti bu addımla ekoloji böhranın və kanalizasiya sistemindəki tıxanmaların qarşısını almağı hədəfləyir.

Qərar həm ənənəvi mağazalara, həm də internet üzərindən həyata keçirilən ticarətə şamil olunacaq.

Müəyyən edilib ki, gündəlik istifadə edilən yaş salfetlərin əksəriyyəti plastik elementlərdən ibarətdir. Plastik liflər salfetləri dözümlü etsə də, onların təbiətdə parçalanmasını onilliklərlə ləngidir.
 

Kanalizasiya xətlərinə atılan bu materiallar boruları sıradan çıxarır. Su hövzələrinə sızan tullantılar isə ciddi mikroplastik çirklənməsinə yol açır. Eyni zamanda belə məhsulların istehsalı zamanı havaya külli miqdarda zərərli qazlar atılır.


Yeni məhdudiyyətlər müəyyən edilmiş qrafik üzrə mərhələli şəkildə qüvvəyə minəcək. Prosesə ilk olaraq Uels bölgəsi başlayacaq və qadağa 18 dekabr 2026-cı ildən tətbiq ediləcək. Şimali İrlandiya və İngiltərədə bu qayda 2027-ci ilin mayında, Şotlandiyada isə eyni ilin avqustunda gerçəkləşəcək.

Qadağa uşaq salfetlərini, makiyaj təmizləyicilərini və antibakterial əl salfetlərini əhatə edir. Şəxsi gigiyena və ev təmizliyi üçün nəzərdə tutulan yaş salfetlər də siyahıya daxildir. Yaş tualet kağızlarının satışı da dayandırılacaq.
 

Tərkibində plastik material olmayan ekoloji təmiz və çoxdəfəlik salfetlərin satışı isə davam edəcək. Tibbi təyinatlı bəzi xüsusi məhsullar da istisna sayılacaq. Bu növ salfetləri apteklərdən və xəstəxanalardan əldə etmək mümkün olacaq.


Problemin həlli istiqamətində elmi dairələrdə də mühüm yenilik qeydə alınıb. Alimlər bakteriya sporları və xüsusi fermentlərlə zənginləşdirilmiş yeni plastik növü kəşf ediblər. Müvafiq şərait yaradıldıqda bu material cəmi altı gün ərzində tamamilə məhv olur. Yeni texnologiya ətraf mühitdə təhlükəli mikroplastik qalıqları qoymur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin