Malaqa turistlər üçün yaşayış yerlərinə məhdudiyyət tətbiq edən İspaniya şəhərlərinin siyahısına qoşulub.
Bizim.Media xəbər verir ki, "The Olive Press" qəzetinin şəhərin meri Fransisko De La Torrenin bəyanatına istinadən yazdığına görə, yerli hakimiyyət orqanları yaşayış massivlərində yeni otellərin və turist mənzillərinin tikintisinə üç illik qadağa qoyub. Bu qadağa artıq 2026-cı il iyulun sonunda qüvvəyə minməlidir.
Qərar şəhərdə turizm məqsədli yaşayış yerlərinin sayının sürətli artımının qarşısını almaq məqsədi daşıyır. Yerli sakinlərin fikrincə, bu artım icarə haqlarının yüksəlməsinə və onların bu rayonlardan sıxışdırılıb çıxarılmasına səbəb olur.
Lakin şəhər şurası qadağaların artıq tikinti icazələri üçün müraciət etmiş və ya hazırda planlaşdırma nəzərdən keçirilməkdə olan layihələrə təsir etməyəcəyinə zəmanət verib.
Mer həmçinin son günlərdə təqdim edilmiş müraciətləri diqqətlə nəzərdən keçirəcəyini bildirdi. Kommersiya binalarının yaşayış məqsədləri üçün istifadəyə verilməsi ilə bağlı daha sərt qaydalar da tətbiq olunacaq.
Bizim.Media


































































































