Parisdə morq BÖHRANI – Meyitlər başqa şəhərlərə daşınır

Hazırda oxunan: Parisdə morq BÖHRANI – Meyitlər başqa şəhərlərə daşınır

622177

Fransanın paytaxtı Parisdə son günlər hökm sürən rekord və anomal isti hava dalğası şəhərin tibb və dəfn infrastrukturunu tamamilə iflic edib. Temperaturun 40°C-ni keçməsi nəticəsində ölüm hallarının kəskin artması Paris morqlarında və dəfn evlərində yerlərin tamamilə tükənməsinə səbəb olub.

Bizim.Media xəbər verir ki, "Associated Press" (AP) agentliyi bu barədə məlumat yayıb.

Belə ki, Parisdə fəaliyyət göstərən özəl soyutma kameralarının sahibləri hər gün yüzlərlə zəng aldıqlarını, lakin yer çatışmazlığından müraciətlərə rədd cavabı vermək məcburiyyətində qaldıqlarını bildiriblər:

"Hazırda tamamilə dolu vəziyyətdəyik. İstilər səbəbindən ölüm hallarında kəskin sıçrayış var və insanlara kömək edə bilməmək bizi dərindən sarsıdır".
 

Paris morqlarında yer qalmadığı üçün cəsədlər paytaxtdan 80 kilometr uzaqlıqda yerləşən Şartr (Chartres) kimi digər ətraf şəhərlərə və bölgələrə daşınır.


Bundan əlavə, Paris Meriyası bələdiyyə morqları üçün hər biri 20 yerlik olan iki müvəqqəti soyuducu bölmə quraşdırıb, şəhər xəstəxanaları isə əlavə 50 yer ayırıb. Dəfn büroları isə yaranmış kritik vəziyyəti tənzimləmək üçün hökumətdən küçələrdə xüsusi müvəqqəti soyuducu refrijerator konteynerlərinin quraşdırılmasına təcili icazə verilməsini xahiş edirlər.

Fransa Milli Səhiyyə Agentliyinin ("Santé publique France") ilkin rəsmi hesabatına görə, ölkədə anomal istilərin qeydə alındığı cəmi 3 ən isti gün ərzində normadan əlavə minimum 1 000 ölüm faktı qeydə alınıb.

Ölənlərin 85%-ni 65 yaşdan yuxarı, xüsusilə evdə tənha və izolyasiya olunmuş vəziyyətdə yaşayan yaşlı və xroniki xəstəlikləri olan şəxslər təşkil edir.

Qeyd edək ki, mütəxəssislər iqlim dəyişikliyinin Avropanı dünyanın digər qitələrindən iki dəfə daha sürətlə qızdırdığı və bu cür humanitar böhranların artıq hər il təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin