Türkiyənin İzmir vilayətinin Səlcuq rayonunda küçə heyvanlarının müdafiəsi ilə tanınan əczaçı Beray Yürek xəstə küçə iti ilə bağlı müraciət aldıqdan sonra hücuma məruz qalıb.
Bizim.Media “Haberler” nəşrinə istinadla xəbər verir ki, H.Z. adlı şəxs qadını xəstə iti göstərmək bəhanəsi ilə Yeni Şirincə yolu istiqamətinə çağırıb.
Hadisə yerinə çatan Beray Yürek burada fiziki zorakılığa məruz qalıb.
İddialara əsasən, şübhəli qadını amansızcasına döyüb, daha sonra isə kəmərlə boğmağa cəhd edib. Üz və boyun nahiyəsindən xəsarətlər alan Yürek müqavimət göstərərək hadisə yerindən qaçmağa nail olub.
İyunun 19-da baş verən hadisədən sonra Səlcuq Rayon Jandarma Komandanlığının əməkdaşları əməliyyat keçirərək H.Z.-ni saxlayıblar. Məhkəmənin qərarı ilə o, barəsində həbs qətimkan tədbiri seçilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
Beray Yürek bildirib ki, şübhəli əvvəllər də onunla əlaqə saxlayıb və həmin gün də xəstə bir iti göstərmək adı ilə onu əraziyə çağırıb. O, hücum zamanı uzun müddət mübarizə apardığını və telefonunun da yararsız hala düşdüyünü deyib.


Bizim.Media

































































































