Almaniya Kansleri Fridrix Merts sosial şəbəkələrdə ünvanına yazılan təhqirlərlə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət etmədiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Mən vəzifəyə başladığım gündən etibarən bununla bağlı heç bir ərizə təqdim etməmişəm", - deyə Merts Almaniya hökumətinin Açıq Qapılar Günü çərçivəsində keçirilən vətəndaşlarla dialoq zamanı bildirib.
Kansler qeyd edib ki, əvvəllər bu cür hallarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, artıq bu təcrübədən imtina edib. Onun sözlərinə görə, bir çox hallarda prokurorluq orqanları siyasətçilərə qarşı səsləndirilən təhqirləri öz təşəbbüsləri ilə araşdırırlar.
Merts sosial şəbəkələrdəki təhqirlərə həssas yanaşmadığını da vurğulayıb.
"Kimsə mənə axmaq deyirsə, qoy desin. Mən bununla razı deyiləm, amma bu, hələ cinayət tərkibi yaratmır", - deyə o bildirib.
Bununla yanaşı, kansler sosial şəbəkələrdəki müzakirələrin tonunun getdikcə daha radikal xarakter aldığını təəssüflə qeyd edib.
Hökumət başçısı Almaniya Cinayət Məcəlləsinin siyasətçiləri təhqir, böhtan və nüfuzdan salan məlumatların yayılmasından qoruyan 188-ci maddəsinin islahatı ilə bağlı müzakirələrə açıq olduğunu bildirib. Onun sözlərinə görə, bir şəxs kimisə məhz tutduğu vəzifəyə görə təhqir edirsə, bu, qəbuledilməz hesab edilməlidir.
Xatırladaq ki, daha əvvəl "Welt am Sonntag" qəzeti Fridrix Mertsin 2021-ci ildən etibarən internetdə ona qarşı edilən təhqirlərlə bağlı minlərlə ərizə verdiyini yazmışdı. Nəşr onu Almaniya tarixinin bu məsələdə ən həssas siyasətçilərindən biri kimi xarakterizə etmişdi.
Bizim.Media






























































































