Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

Hazırda oxunan: Almaniya "Taliban"la gizli razılığa gəldi: Əfqan cinayətkarlar kütləvi şəkildə deportasiya olunacaq

620622

Almaniya Daxili İşlər Nazirliyi (DİN) "Taliban" hərəkatı ilə gizli danışıqlar aparıb. Görüşün nəticəsi olaraq, AFR ərazisində ağır cinayətlər törətmiş və ictimai təhlükəsizliyə təhdid yaradan əfqanıstanlı miqrantların ölkədən kütləvi şəkildə çıxarılması barədə razılıq əldə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı öz şəxsi mənbələrinə istinadən Almaniyanın məşhur "BILD" nəşri yayıb.

Nəşrin məlumatına görə, tərəflər arasında görüş rəsmi siyasi səviyyədə deyil, texniki işçi qrupları formatında baş tutub. Danışıqlarda əsasən Almaniyadan Kabula təşkil ediləcək deportasiya xarakterli çarter reyslərinin sayının kəskin artırılması müzakirə olunub.
 

Yeni plana əsasən, gələcəkdə Almaniyadan Əfqanıstana hər ay 3 deportasiya reysinin təşkil edilməsi nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, cari 2026-cı ilin ötən dövrü ərzində rəsmi Berlin cəmi 3 belə uçuş həyata keçirə bilmişdi. Yeni saziş deportasiya prosesini xeyli sürətləndirəcək.


Mənbə qeyd edir ki, hazırda Almaniya həbsxanalarında və ya müvəqqəti saxlama mərkəzlərində ən azı 100 nəfər ağır cinayət törətmiş əfqan miqrant var.

Onlar dövlət təhlükəsizliyinə təhdid, zorlama, qəsdən adam öldürmə və narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi ən ağır maddələrlə məhkum edilmiş şəxslərdir.

Almaniya DİN rəhbəri Aleksander Dobrindt (Alexander Dobrindt) nəşrə verdiyi açıqlamada rəsmi Berlinin bu məsələdə qətiyyətli olacağını vurğulayıb:

"Cinayətkarların Əfqanıstana deportasiyası mütəmadi və vicdanla həyata keçiriləcək. Bizim onlara göstərdiyimiz humanitar sığınacaq və müdafiə hüququndan sui-istifadə edib burada ağır cinayətlər törədənlər öz gələcəklərini öz vətənlərində axtarmalıdırlar. Cəmiyyətimizin əsas marağı bu cinayətkarların ölkəni dərhal tərk etməsindən ibarətdir", — deyə nazir bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin