ABŞ prezidentinin texnologiyalar üzrə keçmiş müşaviri Devid Saks ABŞ və İran arasında imzalanmış anlaşma memorandumunu dəstəkləyərək, bunu uzunmüddətli hərbi münaqişə ilə müqayisədə daha üstün və "əhəmiyyətli nailiyyət" adlandırıb.
Bizim.Media xəbər verir ki, "All-In Podcast" verilişinin efirində çıxış edən Saks İrana qarşı mümkün quru müdaxiləsi də daxil olmaqla, gərginliyi artırmaq çağırışlarının ölkənin miqyası və potensial itkilər səbəbindən heç bir praktiki mənasının olmadığını bildirib.
Onun qiymətləndirməsinə görə, belə bir əməliyyat bir milyona qədər hərbi qulluqçu tələb edə bilər və bu, "intihar missiyası" olardı.
Saks həmçinin mühacirətdə olan iranlı müxalif siyasətçi Rza Pəhləvinin fiquruna skeptik yanaşaraq, onun tərəfdarlarının silahlı mübarizəyə hazır olduqlarına şübhə etdiyini vurğulayıb.
O, ironik formada qeyd edib ki, əgər Pəhləvi "öz tərəfdarları arasında Beverli-Hillzdə ordu toplamaq istəyirsə, qoy cəhd eləsin". Keçmiş müşavir əlavə edib ki, rahat və lüks həyat sürən insanların bu cür aksiyalarda kütləvi şəkildə iştirak edəcəyinə inanmır.
Hərbi eskalasiya əvəzinə Saks diplomatiyaya şans verməyin vacibliyini vurğulayaraq, diqqəti əldə olunmuş razılaşmanın icrasına yönəltməyə çağırıb.
O, İraq və Əfqanıstandakı "uzunmüddətli müharibələrin" təkrarlanmaması barədə xəbərdarlıq edib.
"Gəlin sülhə şans verək", - deyə Saks bildirib və münaqişənin "sonsuza qədər" davam etdirilməsini müdafiə edənləri başa düşmədiyini əlavə edib.
Bizim.Media
































































































