İngiltərədə bir qadın həyat yoldaşının ölümünə səbəb olduğunu iddia etdiyi pendir istehsalçısı şirkəti məhkəməyə verib.
Bizim.Media “Mirror” qəzetinə istinadla xəbər verir ki, Rodcer Parks hədiyyə dəstinə daxil olan Baronet Reblochon pendirini yeməyə başladıqdan bir neçə gün sonra özünü pis hiss edib.
Pendir Uiltşir qraflığında fəaliyyət göstərən The Old Cheese Room şirkəti tərəfindən istehsal olunub.
Səhhəti ağırlaşan kişi xəstəxanaya yerləşdirilib. Həkimlər sonradan ona təhlükəli bakterial infeksiya olan listerioz diaqnozu qoyublar. Antibiotiklərlə aparılan müalicəyə baxmayaraq, Parksın həyatını xilas etmək mümkün olmayıb.
Araşdırma nəticəsində onun ölümünə orqan çatışmazlığı və listerioz mənşəli meninqoensefalitin səbəb olduğu müəyyən edilib. Həmçinin pendirin Listeria bakteriyası ilə çirkləndiyi və qida təhlükəsizliyi tələblərinə cavab vermədiyi təsdiqlənib.
Hadisədən sonra şirkət həmin pendir partiyasını satışdan geri çağırıb. Bildirilir ki, Parksdan başqa daha iki nəfər də bu məhsuldan zəhərlənib.
Hazırda mərhumun həyat yoldaşı şirkətdən 200 min funt sterlinq məbləğində təzminat tələb edir. Onun iddiasına görə, məhz yoluxmuş pendir ərinin ölümünə səbəb olub.
Şirkət isə pendirin bakteriya ilə çirkləndiyini qəbul etsə də, ölüm faktına görə məsuliyyət daşıdığını rədd edir. İstehsalçının nümayəndələri bildirirlər ki, Parks daha əvvəl mürəkkəb aorta əməliyyatı keçirib, həmçinin ürək problemlərindən əziyyət çəkib.
Bizim.Media






































































































